Bakı.Trend:
Monteneqro Azərbaycanın regional və qlobal iqtisadiyyatda strateji mərkəz kimi artan rolunu dərk edir və bunu alqışlayır.
Bunu Trend-ə Monteneqro hökumətinin sədr müavini və xarici işlər naziri Ervin İbrahimoviç Bakı səfərinin yekunlarına dair verdiyi özəl müsahibədə bildirib.
“Monteneqronun Bakıda keçirilən Birinci Beynəlxalq İnvestisiya Forumunda iştirakı Azərbaycanın iqtisadiyyatını şaxələndirmək niyyətini, eləcə də bizim müxtəlif sahələrdə mövcud investisiya imkanlarından yararlanmağa hazır olduğumuzu nümayiş etdirir. Biz hesab edirik ki, regionda sabitlik, sülh və dayanıqlı inkişaf, o cümlədən Qarabağın bərpası və inkişafı investisiyalar üçün əlverişli mühit yaradır. Gözləyirik ki, Azərbaycan bazarı Monteneqrolu investorların, xüsusən də imkanlarını gücləndirərək və regional əməkdaşlıq vasitəsilə tələbkar investisiya bazarında etibarlı iştirakçılara çevrilməyə çalışan investorların diqqətini cəlb edəcək”, – deyə o bildirib.
Ervin İbrahimoviç hesab edir ki, investisiyalar üçün xüsusilə perspektivli sahələr energetika, infrastruktur, innovasiyalar, “yaşıl enerji", daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan layihələrdir.
O əlavə edib ki, Azərbaycanın investisiya imkanlarının Monteneqroda əlavə təşviqi işgüzar dairələrin daha yaxşı məlumatlandırılmasına və ölkələrimiz arasında iqtisadi əlaqələri möhkəmləndirəcək konkret investisiyaların stimullaşdırılmasına əhəmiyyətli töhfə verə bilər.
“Bu kontekstdə iki ölkənin institutlarını, biznes dairələrini və investorlarını birləşdirən iqtisadi diplomatiya xüsusi əhəmiyyət kəsb edir. Əməkdaşlığın bu aspektləri qarşıdan gələn İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın sessiyası çərçivəsində əlavə müzakirə olunacaq”, – deyə İbahrimoviç vurğulayıb.
O qeyd edib ki, energetika sektorunda əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, Monteneqro Azərbaycan investisiyaları üçün ölkənin iqtisadi inkişafının əsas sahələrindən biri olan turizmdə də geniş imkanlar görür.
“Monteneqro və Azərbaycan hökumətləri arasında 2011-ci ildə imzalanmış turizm sahəsində əməkdaşlıq haqqında mövcud Saziş gələcək investisiyalar və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün hüquqi baza yaradır. Xeyli sayda azərbaycanlı turist Monteneqroya səfər edir və gəlişlərin, eləcə də gecələmələrin sayında sabit artım müşahidə olunur ki, bu da Monteneqronun turizm istiqaməti kimi artan nüfuzunu təsdiqləyir. Bakı ilə Podqoritsa və ya Tivat arasında birbaşa reyslər əlçatanlığı daha da asanlaşdırır və turizm, eləcə də iqtisadi əlaqəliliyi gücləndirir.
“Monteneqroda investisiyaların keyfiyyətindən danışarkən, mən həmişə məmnuniyyətlə Portonovi lüks kompleksinə yatırımı qeyd edirəm. Bu, Monteneqroda ən əhəmiyyətli və tanınmış Azərbaycan investisiyalarından biridir və ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzinə çevrilib. Bu investisiya turizmin inkişafına mühüm töhfə verib, Monteneqronun beynəlxalq tanınmasını artırıb və onun prestijli turizm istiqaməti kimi mövqeyini gücləndirib. Biz bu cür nümunələri gələcək layihələr və azərbaycanlı investorlarla yeni tərəfdaşlıqlar vasitəsilə dəstəkləmək istədiyimiz model kimi dəyərləndiririk”, - deyə baş nazirin müavini bildirib.
O vurğulayıb ki, turizm və energetika ilə yanaşı, Monteneqro infrastruktur layihələrində, tibbi və konqres turizmində, həmçinin milli parklarda və ölkənin şimal regionlarında dayanıqlı inkişaf layihələrində də Azərbaycan investisiyalarını görmək istərdi.
“Bar–Bolyare avtomagistralı kimi əsas infrastruktur obyektlərinin inşası əlavə investisiya imkanları açır və daha az inkişaf etmiş regionların əlçatanlığını artırır”, – deyə İbahrimoviç qeyd edib.
O əlavə edib ki, Monteneqronun NATO-ya üzvlüyü və Avropa İttifaqına gözlənilən üzvlüyü investorların etimadını daha da möhkəmləndirir və ölkənin investisiyalar üçün sabit, təhlükəsiz və proqnozlaşdırıla bilən mühit olduğunu təsdiqləyir.
“Monteneqro hökuməti bütün ciddi və məsuliyyətli investisiyaları prinsipial olaraq dəstəkləyir və artıq həyata keçirilmiş Azərbaycan layihələri üzrə təcrübə göstərir ki, birgə təşəbbüslər ölkələrimiz arasında ümumi iqtisadi əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişafına töhfə verə bilər”, – deyə hökumət sədrinin müavini vurğulayıb.
