Bakı. Trend:
Yaxın aylarda “Neft Daşları” və “Günəşli” yataqlarında nasos-kompressor borularından istifadə etməklə (tubing drilling) qazma işlərinə başlanılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkərkətinin (SOCAR) Hasilat əməliyyatları üzrə idarəsinin (Upstream) qazma işlər üzrə meneceri Fərid Ümüdlü Bakıda keçirilən "IADC Drilling Caspian 2026" konfrans və sərgisində bildirib.
“Biz anlayırıq ki, mövcud problemlərin həlli üçün təkcə struktur dəyişiklikləri kifayət etmir- texnologiyalara da investisiya qoymaq lazımdır. Laylarımız (hasilat baxımından) getdikcə daha mürəkkəbləşir və neft hasilatı hər il daha çox səy tələb edir. Bu, artıq Azərbaycanda fəaliyyət göstərən bütün operatorların üzləşdiyi milli səviyyəli çağırışdır”,- deyə o qeyd edib.
F. Ümüdlü vurğulayıb ki, oxşar vəziyyət Xəzər regionunun digər ölkələrində, o cümlədən Türkmənistanda da müşahidə olunur.
“Bu səbəbdən biz yeni texnoloji həllərin fəal şəkildə tətbiqinə başlamışıq. Yaxın aylarda ‘Neft Daşları’ və ‘Günəşli’ yataqlarında nasos-kompressor borularından istifadə etməklə qazmaya başlamağı planlaşdırırıq. Laylarda geonaviqasiya texnologiyalarının tətbiqi üzrə ətraflı təhlil aparırıq. Eyni zamanda, 90 dərəcəyədək meyilliyə malik üfüqi quyuların qazılması həyata keçirilir. Hazırda təxminən 15–20 belə quyu qazılıb”,- deyə o yekunlaşdırıb.
