Bakı. Trend:
Təbii qaz qarşıdakı onilliklər ərzində enerji təhlükəsizliyinin təməl dayağı olaraq qalacaq və bu təhlükəsizlik vaxtında investisiyalarla və aydın siyasət çərçivələri ilə təmin olunmalıdır.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib.
"Süni intellekt, məlumat mərkəzləri və rəqəmsallaşma ilə hərəkətə gələn elektrik enerjisi dövründəyik. Elektrik enerjisinə tələbat sürətlə artır və bu artımı etibarlı şəkildə dəstəkləyə bilən yeganə miqyaslana bilən və çevik resurs hələ də təbii qazdır. Bu reallıq təbii qaza münasibətdə praqmatik yenidən qiymətləndirməni zəruri edir. Təbii qaz qarşıdakı onilliklər ərzində enerji təhlükəsizliyinin təməl dayağı olaraq qalacaq və bu təhlükəsizlik vaxtında investisiyalarla və aydın siyasət çərçivələri ilə təmin olunmalıdır.
Bu kontekstdə məsləhət şuraları təbii qaz, bərpa olunan enerji və şaxələndirilmiş enerji nəqli marşrutları üzrə əməkdaşlığı təşviq etməklə praktik həllər irəli sürür və bu platformanın əsasını formalaşdırır", - nazir bildirib.
P. Şahbazov vurğulayıb ki, Cənub Qaz Dəhlizi və Azərbaycan qazı şaxələndirmə vasitəsilə enerji təhlükəsizliyi və təchizat sabitliyinin təminində mühüm rol oynamaqda davam edir:
"Mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan 2021-ci ildən bəri Avropaya təbii qaz tədarükünü 56 faizdən çox artırıb, Transadriatik Qaz Kəməri (TAP) kəmərinin ötürmə gücü isə 1,2 milyard kubmetr genişləndirilib. Azərbaycan həmçinin Suriyaya, Almaniyaya və Avstriyaya qaz tədarükünə başlayaraq təchizat şəbəkəsini Cənub-Şərqi Avropadan Yaxın Şərqə və Mərkəzi Avropaya qədər genişləndirib. Hazırda Azərbaycan qazı 10-u Avropa İttifaqına üzv olmaqla ümumilikdə 16 ölkəyə ixrac olunur".
