Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) "Dağlıq və yüksək dağlıq rayonlarda kənd təsərrüfatının inkişafı" adlı birinci layihəsini başa çatdırıb. Bu barədə çərşənbə axşamı birinci layihənn başa çatmasına həsr olunan seminarda İFAD proqramlarının direktoru Vüqar Mehdiyev bildirib.
Mehdiyevin sözlərinə görə, layihənin maliyyələşdirilməsinə dair İFAD ilə kredit müqaviləsi 2000-ci il noyabrın 27-də imzalanıb. Layihənin yeddi il müddətinə hesablanan ümumi büdcəsi, 9,3 mln. dolları IFAD-ın payına düşməklə, 10 mln. dollar təşkil edib ki, bunun da yerdə qalan hissəsi hökumətin və layihədə iştirak edən kənd sakinlərinin payına düşüb.
Layihə çərçivəsində, həmçinin 2004-cü il avqustun 30-dan mikromaliyyələşdirmə həyata keçirilir.
Layihənin kredit komponentinin vəsaitlərinin ümumi həcmi 2,65 mln. dollar təşkil edir, onun 1,5 mln. dolları mikromaliyyələşdirmə üçün müəyyən olunub və "Mikromaliyyələsdirmə" qeyri-bank kredit təşkilatı tərəfindən istifadə olunub.
Bu kredit çantasının 250 min manatı beş il müddətə bank - agent kimi müəyyən olunan Turanbank vasitəsilə paylanıb.
Ümumilikdə layihənin həyata keçirildiyi müddətdə bank tərəfindən əvvəllər kreditə verilən və sonradan geri qaytarılan vəsaitlərin toplandığı revolver hesabın vəsaitləri nəzərə alınmaqla, 62 layihənin reallaşdırılması üçün ümumilikdə 445 290 manat dəyərində kredit alınıb. Layihələrin çox hissəsi (42) heyvandarlıq, 15-i bağçılıq, ikisi ticarət və arıçılıq, biri istehsal sahələrinə yönəldilib.
Turanbank İFAD-dan vəsaiti Azərbaycan Milli Bankının (2005-ci ildə 7 faiz təşkil edirdi) hesablama faizinə müvafiq olaraq, illik faiz üzrə əldə edib. Turanbank, kreditləri maliyyələşdirilən fəaliyyət forması və kreditləşmənin həcmindən asılı olaraq, illik 16 - 21 faiz üzrə verib.
Aqrar məhsulların emalı 16 faiz, onun istehsalı, texnika və avadanlığın alınması 18 faiz, aqrar məhsulların ticarəti 21 faiz əsasında kreditləşdirilib. Uzunmüddətli (4-5 il) və iri kreditlər 16 faiz üzrə verilib.
Layihənin reallaşdırılıması üçün Lerik, Gədəbəy, Şahbuz, Qəbələ və Quba rayonları seçilib. Sonradan siyahıya İsmayıllı və Daşkəsən rayonları da əlavə olunub.
"Hazırda İFAD dağlıq və yüksək dağlıq rayonlarda kənd təsərrüfatının illik inkişafı üçün ikinci proqramı hazırlayıb və təsdiq olunmaq üçün hökumətə təqdim edib" - deyə Mehdiyev bildirib.