Azərbaycan, Bakı, 29 mart/ " müxbir İ.Xəlilova/ Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sentyabrda Aktauda (Qərbi Qazaxıstan) birinci nümayəndəliyini açıb. Trend APROMO-nun bu nümayəndəlik ofisinin rəhbəri Elşən Qurbanovla eksklüziv müsahibəni təqdim edir.
- Bu, AZPROMO -nun Azərbaycanın sərhədlərindən kənarda birinci nümayəndəliyidir. Sizin rəyinizcə, onun açılışı Azərbaycan və Qazaxıstanın iş adamlarının qarşılıqlı münasibətlərinə necə təsir edib?
- Sözsüz ki, təsir edib. Bu gün bizim şirkətlərimizin Qərbi Qazaxıstandakı fəaliyyəti daha güclüdür. Onlar, demək olar ki, bütün istiqamətlərdə təmsil olunublar. Tərəfimizdən tədarükçülərin bütün mövcud problemlərinin və baryerlərinin müəyyən edilməsi üçün kənd təsərrüfatı məhsullarının sınaq tədarükü edilib.
- Azərbaycanın kənd təsərrüfatı məhsullarının Qərbi Qazaxıstana sınaq tədarükü nəticəsində hansı problemlər aşkar edilib?
- Bu gün üçün, Azərbaycan və Qazaxıstan arasında ixrac əməliyyatlarında nəqliyyat problemi mövcuddur. Bizim biznesmenlər ən çox neft şirkətləri tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində artmış nəqliyyat xərclərində itirirlər. Qazaxıstanda işləyən nəqliyyat şirkətləri daha çox neft avadanlığının tədarükü ilə məşğul olurlar və müvafiq olaraq, qiyməti qaldırılar. Belə ki, neft şirkətləri xammal nəqli üçün istənilən qiyməti ödəyirlər. Qiymət və gəlirin kifayət qədər yüksək olmadığı kənd təsərrüfatı məhsullarından söhbət gedəndə isə, nəqliyyat xərcləri ilə əlaqədar problemlər kifayət qədər nəzərəçarpan olur.
- Qazaxıstana kənd təsərrüfatı məhsullarının tədarükü hansı nəqliyyat növü ilə həyata keçirilir və bu problemin həlli üçün hansı təkliflər var?
- Kənd təsərrüfatı məhsulları bərə vasitəsilə tədarük edilir. Bu gün bizim Qərbi Qazaxıstandakı tədarükçülərimiz üçün kifayət qədər maraqlı təklifimiz var. Biz Azərbaycana gəlib, boş qayıdan nəqliyyatları yükləməyə çalışır və bu halda onlar çox da yüksək qiymət istəmirlər. Nəqliyyat şirkətləri tərəfindən birbaşa tədarük zamanı isə qiymət yüksək olur.
- Nümayəndəlik Qazaxıstan bazarına çıxmaqda daha hansı şirkətlərə yardım edir?
- Qərbi Qazaxıstan bazarında biz servis şirkətlərimizə yardım edirik. Biz qeyri-neft sektoru ilə məşğul oluruq və neft sektorunda servis də bu sahəyə aid edilir. Bir müddət əvvəl Azneftkimyamas və Qazaxıstan şirkətləri arasında Anlaşma və niyyət Memorandumu imzalanıb. Hazırda bizim şirkətlərin Qərbi Qazaxıstana gəlmələri və hüquqi şəxs kimi qeydiyyatdan keçmələrinə, bazarın iştirakçısı olmalarına yardım edirik. Sonra onlar yerli şirkətlərlə bərabər tərəfdaş kimi işləyirlər.
Tərəfimizdən Qərbi Qazaxıstanın biznesmelərə verilən sektorları üzrə hesabatlar hazırlanıb. 2008-ci ildə iki istiqamətdə - loqistika və nəqliyyat, həmçinin, servis xidmətləri üzrə hesabat hazırlanacaq. Ötən il kənd təsərrüfatı malları, qida məhsulları üzrə hesabat hazırlanıb. Bu informasiya bizim biznesmenlərə bu bazarda nəyin mümkün olduğunu, uğurlu fəaliyyətin yollarını və üsullarını anlamağa yardım edir. Bizim vəzifəmiz təkcə ixracı artırmaq deyil, şirkətlərə həm hüquqi, həm də informasiya baxımından ayağa qalxmaqda da yardım etməkdir. Bu da ixracın artırılmasına gətirəcək. Yerli qida məhsulları tədarükçüləri ilə gördüyümüz işlərin nəticəsində, bu gün artıq, demək olar ki, Qərbi Qazaxıstan bazarında Azərbaycan məhsulu təmsil olunub. Təəssüf ki, bizim şirkətlər bir çox hallarda, ölkə sərhədlərindən kənarda öz strukturlarının yaradılmasına investisiya yatırmaq istəmirlər. Müəyyən gəlirin əldə edilməsi üçün regiondakı nümayəndəliyin daha da genişləndirilməsi lazımdır.
- Bu gün Azərbaycan şirkətləri öz məhsullarının ixrac qiymətlərini nə dərəcədə düzgün müəyyən edə bilərlər?
- Təəssüf ki, bizim şirkətlərin hamısı Qazaxıstan tərəfdaşları üçün yerli pərakəndə qiymətdən 18 faiz aşağı olmalı olan ixrac qiyməti təklif etmirlər. Bizim bu istiqamətdə problemlərimiz olub. Belə ki, biz şirkətləri Qərbi Qazaxıstan bazarına gətiririk, lakin Azərbaycan biznesinin nümayəndələrinin heç də hamısı ixrac biznesindəki qiymət siyasətinə real və düzgün münasibət göstərmirdilər. Mənim rəyimə görə, bizim biznesmenlər qazax tərəfdaşlarının glirlərini hesablamamalı, öz ixrac həcminə əsaslanmalıdırlar.Onlar nə qədər çox ixrac etsələr, müəssisələri də bazara o qədər daxil olacaqlar. Bu gün daxili bazarda tam fəaliyyət göstərən şirkətlər var. Onların istehsalı artırmaq üçün potensialları var. Lakin, onlar ixrac qiymətini kifayət qədər yüksək hesab etmədiklərindən, buna getmirlər. Bu baxımdan Azersun Holding əla işləyir. Onun düzgün ixrac siyasəti var, daxili və xarici bazarlarda tədarükləri dəqiq bölür. O, çox gözəl şəkildə, tərəfdaşlar tapmaq yolu ilə bazarlara daxil olar. Bundan əlavə, Qazaxıstan bazarında SAF şirkəti təmsil olunub.
Ofisin açılması həmişə çətin prosesdir və xərc tələb edir. Bu istiqamətdə AZPROMO bizim ixracatçı istehsalçılarımıza yardım edir və bu gün, ixracdan əlavə, biz Azərbaycana qazax investorlarının cəlb edilməsi yolu ilə gedirik. Qazax şirkətlərinin Azərbaycana öz məhsullarını gətirmələri üçün ən əsas məsələ qazax bazarındakı oyunçularda maraq oyatmaqdır. Bu zaman reallaşdırma məsələləri asanlaşacaq.
Bizim bu il və gələcəkdə də işləyəcəyimiz bu istiqamət Qazaxıstandan Azərbaycana investisiyaların cəlb edilməsi və sonra bu investisiyalar hesabına istehsal edilən məhsulların qazax bazarına ixracıdır. Bu həm kənd təsərrüfatı, həm emal, həm də neft maşınqayırmasına aiddir. Bu mövzuda hazırda qazax tərəfdaşların Azərbaycan bazarına investisiya yatırmaları və sonra neft maşınqayırması üzrə bu birgə müəssisələrin Qərbi Qazaxıstan bazarında öz birgə məhsullarının reallaşdırılması ilə məşğul ola bilmələri ehtimalı ilə danışıqlar aparılır.
Bu gün Bos Shelf kimi bəzi şirkətlər və Azərbaycanın neft bazarındakı digər oyunçular Qərbi Qazaxıstan bazarında təmsil olunublar. Bizim mütəxəssislər müəyyən layihələr başa çatdıqdan sonra Qazaxıstan bazarında iş tapa bilərlər.Hazırda beşdən az olmayan servis şirkətləri nümayəndəliyimiz vasitəsilə Qərbi Qazaxıstan bazarına daxil olur. Onlardan bəziləri hüquqi qeydiyyat keçir, bəziləri artıq qeydiyyatdan keçiblər və hazırda tenderlərdə, Qazaxıstan bazarında əməliyyat şirkətlərinin layihələrində birgə işlərdə iştirak etmək üçün danışıqlar aparırlar. Layihələr arasında "Kaşağan" yatağı da var. RD/Shell şirkəti ilə danışıqlar aparılır. AZPROMO-nun vəzifəsi Azərbaycan və Qazaxıstanın servis şirkətləri arasında körpünün yaradılmasından ibarətdir və bizim şirkət qazax tərəfdaşı vasitəsilə yerli layihələrdə iştirak edə bilər. Sonra bu, artıq Qazaxıstan bazarına daxil olan şirkətin kommersiya məsələlərinə çevrilir və AZPROMO-nun onların kommersiya işinə qarışmaq üçün nə hüquqi, nə mənəvi, nə də fiziki haqqı var.
- Qərbi Qazaxıstanda neft layihələrində iştirak etmək üçün servis şirkətlərinin danışıqları hansı mərhələdədir?
- Bu şirkətlər bu gün artıq güclü Qazaxıstan tərəfdaşları ilə birgə iş üçün Anlaşma memorandumlarına malikdirlər və zaman keçdikcə onlar böyük layihələrdə iştirak edəcəklər. Hazırda onlar rəsmi qeydiyyat, lisenziya almaq üçün prosedurlardan keçirlər.
- AZPROMO-nun nümayəndəliyinin statusunun artırılmasına ehtiyac varmı?
- Bu gün Qərbi Qazaxıstan bazarında bizim nümayəndəliyimizin statusu kifayət qədər yüksəkdir. Bundan əlavə, nümayəndəliyin rəhbəri kimi, mən Manqıstau vilayəti qubernatorunun yanında Əcnəbi İnvestorlar Şurasının üzvüyəm. Qazaxıstan bazarında bizim şirkətlərin və ya Azərbaycan tərəfdən olan investorların qarşılaşdığı problemlər birbaşa təmsil edilə və Akimə məlumat verilə bilər. Problemlər kifayət qədər tez həll olunur. Lakin, bu gün üçün hansısa müəyyən problemlərimizin olduğunu deyə bilmərəm.
AZPROMO-nun nümayəndəliyi Qazaxıstanda ona görə yaradılıb ki, hər hansı bir şirkət tərəfindən nümayəndəliyin maliyyələşdirilməsi çox yüksək qiymətli həzzdir. Hökumətimiz və Azərbaycanın Qazaxıstandakı səfirliyinin, Qazaxıstan bazarında işləyən biznesmenlərin dəstəyi ilə biz daha səmərəli işləyir və öz şirkətlərimizə kömək edə bilirik. AZPROMO-nun nümayəndəliyi investisiya layihələrinin generatorudur. Onların reallaşdırılmasına görə cavabdehliksə, danışıqların başladığı andan bu layihələrdə iştirak edən tərəflərin üzərinə düşür.
Bu gün Azərbaycan biznesinin inkişafı üçün boşluqların olduğu məsələlərə - sənaye tikintisi, servis xidmətləri, sənaye mallarının, kənd təsərrüfatı məhsullarının, Azərbaycandan qida məhsullarının ixracı, qazax investorların Azərbaycana cəlb edilməsi üçün bizim müdaxiləmiz lazımdır.
- Bu gün qazax investorları Azərbaycan bazarına gəlməkdə nə dərəcədə maraqlıdılar və onların arasında artıq bu il AZPROMO-nun nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycana gələ biləcək şirkətlər varmı?
- Azərbaycanda Qazaxıstan investisiyalarının həcmini qiymətləndirmək hələ çətindir. Hazırda biz kənd təsərrüfatı sektoruna investisiyaların cəlb edilməsi üzrə danışıqlar aparırırq və bu, tərəvəz və konservləşdirilmiş məhsul istehsalına toxuna bilər. Maşınqayırma sahəsində qazax şirkətlərinin Azərbaycana cəlb edilməsi üzrə danışıqlar aparılır. Bununla əlaqədar, ötən il Azneftkimyamas bəzi şirkətlərlə Memorandum bağlayıb. Memoranduma əsasən, Azneftkimyamas və Qazaxıstanın "Kazpetromaş"MMT, "Kaznefteqazmaş" SC və "Sewon - Vertex Heavy Industry" şirkətləri ilə arasında birgə neft-qaz sənayesi avadanlığı istehsalının təşkili üzrə BM-in yaradılması planlaşdırılır.
Müəlliflə əlaqə ünvanı: [email protected]