Azərbaycan, Bakı, 30 mart/ " müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti ilə Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində 2007-ci il üçün indikativ fəaliyyət planının müzakirəsi üçün aprelin1-də Avropa Komissiyasının missiyasının Azərbaycana səfəri başlayır. Missiyanın tərkibinə EUROPEAD Yardım Xidmətinin və xarici əlaqələr üzrə Aİ Baş direktorluğunun nümayəndələri Kaydo Serel, Ancelo Borqoni və başqaları daxildirlər. Bu barədə bazar günü Avropa İttifaqının texniki yardım proqramları koordinasiya bürosunun (Tacis) icraçı direktoru Rüfət Məmmədov məlumat verib. Aİ nəzərdən keçirilmək üçün 19 mln. avro büdcəyə malik layihə proqramını hökumətə təqdim edib. Proqram üzrə altı mln. avro tvininq-proqrama və 13 mln. avro energetika sahəsində büdcə dəstəyi üçün nəzərdə tutulub. Bu vəsaitlərin mənimsənilməsinə bu ilin ortalarından başlanacaq. Tvininq-proqram üzrə beş layihənin reallaşdırılması gözlənilir və artıq Standartlaşdırma, metrologiya və patent üzrə Agentlik, İstehlak bazarı üzərində nəzarət üzrə Dövlət xidməti üçün texniki tapşırığın hazırlanmasına başlanılıb.Bundan əlavə, Aİ-nin missiyası ilə 2008-ci il üçün proqramın ilkin müzakirəsi aparılacaq. Onun dəyəri 21-22 mln. avrodur. Məmmədovun sözlərinə görə, hazırda Aİ ilə yardımın göstərilməsi istiqamətləri müzakirə edilir. Ölkə hökuməti 2008-ci ilin büdcəsi çərçivəsində nəzərdən keçirilən hansı istiqamətə üstünlük veriləcəyini hələ müəyyən etməyib.Hazırda iki istiqamət nəzərdən keçirilir - ədliyyə və aqrar sektor. Ədliyyə üzrə təkliflər ötən ilin dekabrında hazırlanıb və penitensiar sistemin, regional məhkəmələrin, Ədliyyə Nazirliyi nəzdindən fəaliyyət göstərən Ədliyyə Akademiyasının dəstəklənməsi, milli qanunvericiliyin Avropa standartlarına yaxınlaşdırılması nəzərdə tutulur. İkinci istiqamət üzrə əsas aksent Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması nöqteyi-nəzərindən kənd təsərrüfatında islahatlara veriləcək. Ümumilikdə 2007-2010-cu illərdə Azərbaycan üçün ENP-nin büdcəsi 92 mln. avro həcmində nəzərdə tutulub.
Azərbaycan üçün 2006-cı ilin noyabrında təsdiqlənən ENP fəaliyyət planında prioritet istiqamətlər kimi ölkədə demokratiyanın gücləndirilməsi, iş və investisiya iqliminin yaxşılaşdırılması, davamlı iqtisadi inkişafın dəstəklənməsi, iqtisadi sahədə və idarəetmə təcrübəsində qanunvericiliyin uyğunlaşdırılması, energetika və nəqliyyat, regional əməkdaşlıq, həmçinin sərhədyanı idarəetmə və s. sahəsində Aİ və AR arasında əməkdaşlığın gücləndirilməsi daxildir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]