Qazaxıstan, Almatı, 25 noyabr/ Trend , müxbir R.Məşədihəsənli/ "Yanvar-sentyabrda Qazaxıstan və Azərbaycan arasında mal dövriyyəsi 440 mln. dollar təşkil edib ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 87 faiz çoxdur", - Almatıda keçirilən beynəlxalq forumda çıxış edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev çərşənbə axşamı bildirib.
"Qazaxıstan və Azərbaycan: əməkdaşlıq və qarşılıqlı əlaqələrin perspektivləri" beynəlxalq forumunda Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Bulat Sultanov, Qazaxıstanın İlk Prezidenti Fondunun icraçı direktoru Bektas Məhəmmədcanov, Gürcüstan və Özbəkistanın Qazaxıstandakı səfirləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun yüksək vəzifəli nümayəndələri, məşhur qazax ekspertlər və Qazaxıstanın elmi-analitik və ictimai təşkilatlarının nümayəndələri iştirak edirlər.
Nuriyevin sözlərinə görə, Azərbaycan 2009-2011-ci illərdə özünün ilk rabitə peykini buraxmağı planlaşdırır. Bu məsələ ilə bağlı işdə qazax mütəxəssislərin də iştirakı planlaşdırılır.