...

OPEK yenidən neft hasilatını azalda bilər – analitiklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2009 12:35 (UTC +04:00)
OPEK yenidən neft hasilatını azalda bilər – analitiklər

Rusiya, Moskva, 28 yanvar/ Trend müxbir R.Ağayev/ Neft ixrac edən ölkələr təşkilatı qarşıdakı iclasda hasilatın növbəti dəfə azaldılması barədə qərar qəbul edə bilər. Lakin çətin ki, bu qərar qiymətlərə təsir göstərəcək, - Trend -ın sorğu apardığı analitiklər belə hesab edirlər.

"İstisna deyil ki, OPEK qiymət səviyyəsinin saxlanılması və ya onun artımı üçün yenidən hasilatın azaldılmasını elan edəcək", - Unicredit Aton-un analitiki Pavel Sorokin hesab edir.

Kartelin növbəti iclası martın 15-ə təyin edilib. Lakin OPEK-in prezidenti Joze Botelyo de Vaskonselosun sözlərinə görə, Brent növlü neftin qiyməti 1 barelə görə 40 dollardan aşağı düşərsə, iclas vaxtından əvvəl keçirilə bilər. İclasda OPEK-ə üzv ölkələrdən başqa kartelə daxil olmayan Azərbaycan, Rusiya və Norveç də iştirak edəcək.

Sorokinin rəyinə görə, "qara qızıla" tələbatla bağlı vəziyyət son dərəcə acınacaqlıdır - nefti satmağa yer yoxdur, bütün çənlər artıq dolduğu üçün onun saxlanılmasına xərclər artır. Belə şəraitdə OPEK-in hasilatın əlavə olaraq azaldılmasını elan edəcəyini gözləmək olar, lakin çətin ki, bu yerinə yetiriləcək, - deyə analitik hesab edir.

Sorokinin sözlərinə görə, indiyədək kartel hasilatı sutkada 2,2 mln. bareldən sutkada 1,5 mln. barelədək azaldıb.

OPEK dekabrda keçirilmiş son iclasda neftin qiymətinin azalmasını dayandırmaq məqsədilə yanvarın 1-dən hasilatı sutkada 2,2 mln. barel azaltmaq barədə qərar qəbul edib. Ümumilikdə sentyabrın əvvəlindən hasilatı sutkada 4,2 mln. barel azaltmaq barədə qərar qəbul edilib.

Sorokin hesab edir ki, OPEK öz qərarları ilə neftin qiymətini yalnız qısamüddətli əsasda sabitləşdirməyə qadirdir. Ümumilikdə isə qiymətlərə tələbat, eləcə də sərmayədarlar və treyderlərin istehlaka dair gözləmələri təsir göstərəcək.

"Metropol" İnvestisiya Maliyyə Şirkətinin (İMŞ) Baş analitiki Aleksandr Nazarovun rəyinə görə, kartelin neft hasilatı növbəti dəfə azaldacağına ehtimal böyük deyil. Onun sözlərinə görə, bu, əvvəllər qoyulmuş kvotaların necə yerinə yetirilməsi və kimin hasilatı real olaraq azaltmasından asılıdır. Onun rəyinə görə, bundan başqa dünya tələbatı və təklifinin balansını öyrənmək lazımdır.

OPEK-dən hər hansı bir xəbərlərin olmaması fonunda artıq bir aydır ki, neftin qiyməti eyni səviyyədə qalır və buna görə də kartelin qərarı qiymətləri sabitləşdirə bilməyəcək, - Nazarov hesab edir.

Unicredit Aton-un proqnozlarına görə, il ərzində 1 barelin neftin orta qiyməti təxminən 50 dollar təşkil edəcək.

"Tamamilə mümkündür ki, tələbatla bağlı pisləşən vəziyyətə görə, tezliklə qiymət 1 barelə görə 35-37 dollaradək azala bilər. Lakin ilin sonuna vəziyyət düzəlməlidir və qiymət təxminən 50 dollardan yuxarı olmalıdır. Bu isə bizi orta hesabla il ərzində 47-48 dollar səviyyəsinə çıxarır", - Sorokin deyib.

"Metropol" İMŞ-nin proqnozlarına görə, 2009 və 2010-cu illərdə URALS növlü neftin orta qiyməti həm aşağı, həm də yuxarı kiçik dəyişikliklərlə 1 barelə görə 50 dollar təşkil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti