Azərbaycan, Bakı, 02 aprel / Trend /
Azərbaycanın aparıcı mobil operatoru "Azercell Telekom" MMC "Insan Qaynaqlarına Sərmayə Yatırımı" üzrə beynəlxalq standart (IIP-Investors In People) serifikatına layiq görülüb. Şirkətin məlumatında deyilir ki, Azercell MDB ölkələri arasında bu beynəlxalq standarta sahib olan ikinci şirkətdir. Azercell hələ 2006-cı ildə bu sertifikatın alınması üçün irəli sürülən 12 tələbin hamısına cavab verərək standarta layiq görülüb.
1992-ci ildə İngiltərədə yaradılan, hazırda 30,000-dən çox şirkət və təşkilatlarda istifadə olunan IIP standartı bütün şirkətlərə qarşılarına qoyduqları biznes prioritetlərini həyata keçirmələri üçün işçilərinin liderlik qabiliyyətinin inkişaf etdirilməsindən tutmuş işçi məmnuniyyətinin artırılmasına və ümumilikdə şirkətin məhsuldarlığının yüksəldilməsinə kömək edir. Standart həmçinin şirkətdə çalışan insanların maarifləndirilməsinə, işçilərin potensialına diqqət ayrılmasına və onların inkişafının artırılmasına lazım olan təcrübə təqdim edir.
Bu beynəlxalq standart Azercell-ə sistemlərində işçilərin strateji qərarlara cəlb edilməsi, tədris və təlimlərə qoyulan sərmayənin rentabelliyinin ölçülməsi, bütün işçilərə bərabər inkişaf imkanlarının yaradılması, rəhbərlik bacarıqlarının inkişaf etdirilməsi kimi dəyişikliklərin həyata keçirilməsini təmin edərək, davamlı inkişaf üçün platformalar yaradılmasına kömək edib. Bu nailiyyəti sayəsində Azercell Telecom ölkənin mobil rabitə sektorunun lideridir və 3 500.000-dən çox abonenti ətrafında birləşdirir