Azərbaycan, Bakı, 25 may / Trend /
"Azərbaycan, Türkiyə və Gürcüstan Bodrumda Bakı-Tbilisi-Qars dəmir yolu magistralının tikintisinə nəzarət üzrə komitənin birinci iclası çərçivəsində protokol imzalayıblar", - Türkiyənin Cihan informasiya agentliyi xəbər verir.
Protokolu Türkiyənin nəlqiyyat və kommunikasiya naziri Binəli Yıldırım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın iqtisadiyyat naziri Laşa Jvaniya imzalayıb.
Görüşün gedişində Azərbaycanınn nəqliyyat naziri bildirib ki, bu layihə yalnız iqtisadi deyil, həm də böyük strateji əhəmiyyət daşıyan siyasi layihədir. Birinci mərhələdə bu nəqliyyat xətti üzrə bir milyon sərnişin və 6,5 milyon ton yük daşınması nəzərdə tutulub. Layihə 2011-ci ildə fəaliyyətə başlayacaq.
Xəttin Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan Gürcüstanın "Marabda-Kartsaxi dəmiryolu" MMC-nə 25 il müddətinə 1 faizlə 200 mln. dollar həcmində güzəştli kredit ayırıb. Bu vəsait hesabına 29 km uzunluğunda yeni dəmir yolu, Türkiyə ilə sərhəddə servis və texniki xidmət üzrə məntəqə tikiləcək, həmçinin köhnə yol yenidən qurulacaq. BTQ-nin ümumi dəyəri 600 mln. dollardır.
Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmir yolu magistralının yeni 105 km-lik qolunun tikintisi planlaşdırılır. Bunun 76 km-i Turkiyə, 29 km-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 mln. ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km-lik Axalkalaki - Marabda - Tbilisi dəmir yolunun 183 km-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmir yolu xətlərinin Avropa standartlarına uyğunlaşdırılması üzrə məntəqələrin tikilməsi də planlaşdırılır. Layihə 422 mln. dollar, infrastrukturla yanaşı isə 600 mln. dollar məbləğində qiymətləndirilir.