Azərbaycan, Bakı, 27 may / Trend /
Dünya maliyyə böhranının təsiri ilə əlaqədar fond birjaları fond indekslərinin yarısını itirib. Bu barədə çərşənbə günü Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib. "Bunun nəticəsində səhmlərin qiyməti 10 dəfə düşməklə yanaşı fəsadlar iri əməliyyatlara toxunduğundan bazarda sazişlər azalıb. Nəticədə kiçik əməliyyatlarda müsbət faktorlar müşahidə edilir", - Aslanlı qeyd edib.
Dünya maliyyə böhranının mənfi nəticələrinin Azərbaycanın fond bazarına təsiri çox da geniş deyil. Aslanlının sözlərinə əsasən, ölkə hökuməti tərəfindən vaxtında görülən tədbirlər, eləcə də düşünülmüş siyasət böhranın mənfi təsirinin qarşısının alınmasına yardım edib.
"Azərbaycan fond bazarının strukturuna baxdıqda görərik ki, onun əsas hissəsini dövlət istiqrazçıları təşkil edir. Baxmayaraq ki, bir sıra özəl şirkətlər də istiqraz buraxırdılar, onların həcmi az, müddəti isə adekvat olub", - Aslanlı deyib.
İstiqrazçılara toxunan QKDK sədri qeyd edib ki, "dövlətimiz çox ehtiyyatlı borc siyasəti yürüdür və ölkənin valyuta rezervlərindən fərqli olaraq qiymətli kağız altında vəsaitin cəlb olunması halları nəzərə çarpacaq dərəcədə azdır (Ölkənin strateji valyuta rezervləri 16 milyard dollara çatır)".
"Ötən ilin sonunadək sabit makroiqtisadi siyasət, o cümlədən ÜDM-in artımı, milli valyutanın məzənnəsinin sabit qalması və valyuta rezervlərinin ölkənin xarici borcunu iki dəfə üstələməsi Azərbaycan iqtisadiyyatına əcnəbi investorların etimadının artmasına səbəb olub", - Aslanlı vurğulayıb.
Onun sözlərinə əsasən, 2009-cu ilin əvvəlində dünya bazarında, əsasən də Amerika maliyyə institutlarında ciddi kapital çatışmazlığı hökm sürüb və stress-testlər göstərib ki, ABŞ-ın 19 iri bankından 10-nun 150 milyard dollar həcmində kapitala ehtiyacı var. Sözügedən bankların likvidliklə bağlı problemləri ortaya çıxdığından investisiya fondları dünyanın müxtəlif ölkələrindəki vəsaitlərini ABŞ-a geri qaytarmalı oldular.
"Hətta bütün baş verən proseslər də bizə ciddi təsir etmədi", - Aslanlı əlavə edib.