Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir U.İsmayılova /
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki İstehlakçı Hüquqlarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçı hüquqlarının növbəti dəfə pozulması faktlarını aşkar edib. Bu barədə nazirliyin bazar ertəsi yayılmış məlumatında deyilir.
İyunun 19-da Bakının Nərimonov rayonunda, həmçinin Cəlilabad, Gəncə rayonlarında keçirilmiş monitorinqlər zamanı iki tona yaxın vaxtı ötmüş ərzaq məhsulları - kolbasa, qənnadı məmulatları, bitki yağları, minaral sular, konservləşdirilmiş tərəvəzlər, meyvə şirələri və s. satışdan çıxarılaraq məhv edilib.
İstehlakçı hüquqlarının pozulmasında günahlandırılan üç hüquqi və səkkiz fiziki şəxsə qarşı inzibati qayda pozuntusu haqqında protokol tərtib edilib.
Azərbaycan Prezidentinin may ayının 17-də inzibati qayda pozuntuları məcəlləsinə əlavə dəyişiklərin edilməsi haqqındakı fərmanından sonra 17 hüquqi şəxs 64,5 min manat, 81 fiziki şəxs isə 122,5 min manat cərimə olunub.
Monitorinqlər davam edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]