Azərbaycan, Bakı, 10 avqust / Trend , müxbir N.İsmayılova /
Azərbaycanda ipoteka kreditləşməsinin bərpasından etibarən üç ay ərzində Texnika Bank Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 3,15 milyon manat məbləğində 70-dən çox ipoteka krediti verib. Bu barədə bazar ertəsi bankın idarə heyətinin sədri Samir Hüseynov deyib.
"Hazırda bank daha 130-a yaxın ərizəni nəzərdən keçirir və düşünürəm ki, onların hər birini razı sala bilərik, - Hüseynov deyib. - İlin sonuna qədər AİF-in xətti ilə minimum 3 milyon manatlıq daha 150-200 kredit verməyi planlaşdırırıq".
O, ölkədə ipoteka kreditinin dayandırılması barədə son günlər KİV-də yer alan informasiyaları təkzib edib.
"Sadəcə, bank fiziki olaraq daxil olan müraciətlərin hamısını qəbul və analiz edə bilmir. İki il əvvəl, ipoteka kreditləşməsi dayandırıldıqda, bizdə 130-a yaxın ərizə qalmışdı. Buna baxmayaraq, yeni müraciətlərin qəbulunu davam etdiririk. Bununla yanaşı, müştərilər xəbərdar ediliblər ki, bu çox vaxt aparır, çünki əvvəllər bank kreditləri iki həftə ərzində verirdi", - Hüseynov deyib.
Üç ay müddətində bank 10 sosial ipoteka krediti də verib. Bankın ümumi ipoteka portfeli 36 milyon manatdır.
"İlin sonunadək bunu, mühafizə etmək üçün 55 milyon manata çatdırmağı planlaşdırırıq. Adətən, bunun üçün minimum 75 milyon manat tələb olunur. Lakin indi müxtəlif variantlar işləyib hazırlayırıq, - Hüseynov deyib. - Artıq Warehouse sistemi var və onun vasitəsilə portfeli 50 milyon manat mühafizə etmək olar. Yeni resurslar hesabına kreditlər vermək və ipoteka kreditləşməsini 100 milyon manatadək artırmaq olar".
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə ÜDM-ə ipoteka kreditlərinin hissəsi 10 faizdən 30 faizədək təşkil edir. Əgər Azərbaycanda bu göstərici 10 faizə bərabər olsa, bu o demək olacaq ki, ölkədə 4 milyard manatlıq potensial var. İndi isə ölkədə ipoteka kreditləşməsinə 50 milyon manat ayrılıb.
AİF artıq ipoteka kreditləşməsinə əlavə vəsait cəlb olunması planları barədə bankları məlumatlandırıb.
Lakin, onun sözlərinə görə, Texnika Bank hazırda əlavə maliyyə resurslarının müstəqil cəlb olunması üzrə danışıqlar aparır, çünki dünya kapital bazarında vəziyyət yaxşılaşır.
Avqustun 10-na olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]