Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir Ü.İsmayılova /
Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən bütün azərbaycanlı zəvvarlar A/H1N1 virusunun mövcudluğuna görə müayinədən keçəcəklər. Bu barədə cümə günü Azərbaycan Səhiyyə Nazirliyindən deyilib.
"Zəvvarlar Həccdən qayıdan zaman da müayinə olunacaqlar", - nazirlikdən deyilib.
Azərbaycanda ilin sonunda iki min azərbaycanlı Həcc ziyarətinə gedəcək. Onlardan 300 nəfəri avtobusla, 1,7 min nəfəri isə təyyarə ilə gedəcək.
"Ötən il Azərbaycanda Həccə getmək arzusunda olanların sayı 6 min nəfər idi. Bu il isə onların sayı iki minədək azalıb. Bu da A/H1N1 virusu ilə əlaqədardır", - bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə deyib.
İyulda Azərbaycanda ilk dəfə olaraq, A/H1N1 "donuz qripi" nə yoluxma faktı aşkarlanıb. Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxma faktı Bakı və Gəncə sakinində - iyulun 27-də Fransadan və iyulun 29-da Böyük Britaniyadan qayıdan şəxslərdə aşkarlanıb. Hər iki xəstə artıq sağalıb.
Birinci xəstə iyulun 27-də Parisdən gəlib. Xəstə artıq iyulun 29-da səhhətində problem hiss edib və tibb məntəqəsinə müraciət edib. Orada dərhal analiz götürülüb və nəticə müsbət olub.
İkinci xəstə iyulun 29-da Bakıya İngiltərədən - turist səfərindən qayıdıb. Xəstədə hərarətin olduğunu Bakı aeroportunda quraşdırılmış "termosensor" aşkarlayıb.
A/H1N1 virusunun əsas simpromları bunlardır: yüksək temperatur, öskürək, boğaz ağrısı, zökəm, bədəndə ağrılar, baş ağrısı, üşütmə və halsızlıq. Virusa yoluxmuş insanların böyük əksəriyyətində həm də diareya və ürəkbulanma qeydə alınır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]