Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycanın Dövlət Gömrük Komitəsinin əməkdaşları Rusiya və İran sərhədlərində nəzarət-buraxılış məntəqələrindən narkotik maddələri, dərman preparatları, parfümeriya ləvazimatları, pivə və digər məhsulların qanunsuz daşınması üzrə bir neçə cəhd qeydə alıblar. Bu barədə komitənin bazar ertəsi yayılan məlumatında deyilir.
Yoxlamalar zamanı İran vətəndaşı tərəfindən "Astara" gömrük idarəsi ilə xalis çəkisi 1002 qram olan narkotik vasitənin (tiryək) gətirilməsinin qarşısı alınıb. Eyni zamanda, ökəyə "Samur" gömrük postu ilə ölkəyə gətirilən 75 adda 585 qutu dərman preparatları və 6 adda 35 qutu bioloji qida əlavələri aşkar olunaraq götürülüb.
Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən 55 saylı "Bakı-Moskva" sərnişin qatarına keçirilmiş gömrük baxışı zamanı həmin qatarın sərnişini, Rusiya Federasiyası vətəndaşı Şükürov Şahin Şükür oğlundan 6 kq 120 qram spesifik iyə malik, tünd rəngli narkotik vasitə olan həşiş qətranı aşkar olunaraq götürülüb.
Bundan savayı, yoxlamalar zamanı qanunsuz şəkildə yük avtomobilində İrandan Azərbaycana ümumi dəyəri 29850 manat təşkil edən müxtəlif adlarda cəmi 7040 ədəd parfümeriya ləvazimatları, 180 ədəd "Adidas" markalı idman geyimləri və 2 litrlik plastik butulkalarda cəmi 40 ədəd "Belıy Medved" adlı pivə gətirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Sentyabrın 07-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].