Azərbaycan, Bakı, 10 sentyabr / Trend /
Yanvar-iyulda "Azərbaycan Dəmir Yolları" QSC-nın qazancı 4,2 milyon manat təşkil edib. Bu barədə "Respublika" qəzetinə müsahibəsində QSC rəhbəri Arif Əsgərov deyib.
Əsgərovun dediyinə görə, bu dövrdə "Azərbaycan Dəmir Yolları" QSC-nin gəliri yeddi ay ərzində 80,2 milyon manat təşkil edib. Ondan 63,9 milyon manat yükdaşımaların, 16,3 milyon manatı isə sərnişindaşımanın payına düşüb.
Dəmir yolunda görülmüş işlərə və göstərilmiş xidmətlərə 76 milyon manat xərclənib. Ümumi xərclərdən 30,9 milyon manat QSC işçilərinin əmək haqqına sərf edilib, 7,7 milyon manat sosial fonda verilib, 8 milyon manat müxtəlif vergi şəklində dövlət büdcəsinə ayrılıb, 15,6 milyon manat istifadə olunmuş enerji, yanacaq və su haqlarının ödənilməsinə xərclənib.
"Yanvar-iyulda "Azərbaycan Dəmir Yolları" QSC 11,7 milyon ton müxtəlif yüklər daşıyıb. Yükdaşımaların ümumi həcmindən daxili daşımalara 2 milyon ton (49,7 faiz) düşür. İxrac əməliyyatlarına 60,9 faiz, idxal əməliyyatlarına 80,6 faiz, tranzit daşımalarına isə 93,5 faiz düşüb", - Əsgərov deyib.
Yeddi ay ərzində QSC-nin stansiyaları ilə 7 milyon tondan çox yük göndərilib. Yükdaşımalarının ümumi həcmindən neft daşımalarının payına 5,4 milyon tondan çox düşüb. Neft daşıma yüklərinin göndərilməsi üzrə plan ümumilikdə 77,5 faiz yerinə yetirilib.
Əsgərovun dediyinə görə, yanvar-iyulda QSC-nin stansiyaları ilə 3 milyondan çox sərnişin daşınıb. Bu da ötən ilin müvafiq dövründəkindən 145 min nəfər çoxdur. Bu dövrdə sərnişindaşıma təxminən 3,2 milyon nəfər təşkil edib. Bu da 2008-ci ilin müvafiq göstəricisindən 3,8 faiz çoxdur.
Sentyabrın 10-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.