...

Azərbaycanın şimal bölgəsində kənd təsərrüfatı məhsulları üçün qabların istehsalı üzrə müəssisə və iki soyuducu kompleksi inşa edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2009 11:00 (UTC +04:00)
Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Xaçmaz şəhərində “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Bu barədə nazirliyin məlumatında deyilir.

Azərbaycan, Bakı, 31 oktyabr / Trend /

Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Xaçmaz şəhərində  "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Bu barədə nazirliyin məlumatında deyilir.

Tədbir iştirakçıları əvvəlcə Xaçmaz rayonunda əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan alınmış güzəştli kreditlər hesabına "Bərəkət-İ" MMC və sahibkar Vasif Verdiyev tərəfindən inşa etdirilən, hər birinin tutumu 2 min ton olan soyuducu anbar komplekslərində aparılan tikinti işləri ilə tanış olublar. Hər bir layihəyə iki milyon manat ayırılıb.

Nazirlikdən bildirildiyi kimi, "Bereket-İ" soyuducu ilə yanaşı həmçinin regionda hazırda yeganə olan məhsullar üçün qab (platsmasdan, taxta yeşiklər) istehsalı müəssisəsini inşa edir. Müəssisə bütün bölgənin tələbatını təmin edəcək. Bu müəssisə 1016 kvadrat metr sahədə inşa edilir.

Konfransda Xaçmaz, Quba, Qusar, Dəvəçi və Siyəzən rayonlarından 300-ə yaxın sahibkar iştirak edib.

Sonra "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Əfqan İsayev çıxış edərək, qurumun fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Azərbaycan İnvestisiya Şirkəti bu günlərdə Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərinə uyğun olaraq, kənd təsərrüfatı məhsullarının emalı üzrə kiçik və orta həcmli müəssisələrin yaradılması, müxtəlif çeşidli qablaşdırma məhsullarının istehsalı və alternativ enerji mənbələrinin yaradılması ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya təkliflərinin qəbulunu elan edib. Əfqan İsayev elanın şərtləri, investisiya layihələrinin qiymətləndirilməsi meyarları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, sahibkarları fəal iştiraka dəvət edib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları" barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə həmçinin, regionda sahibkarlığın daha da inkişaf etdirilməsi, sahibkarların işgüzar əlaqələrinin genişləndirməsi istiqamətində müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti