...

Azərbaycanda bir neçə növ çörəyin istehsalı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2010 20:55 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən çörəkbişirmə sexində pəhriz çörəyi və "çovdar" çörəyinin istehsalını dayandırıb.
Azərbaycanda bir neçə növ çörəyin istehsalı dayandırılıb

Azərbaycan, Bakı, 23 fevral / Trend /

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən çörəkbişirmə sexində pəhriz çörəyi və "çovdar" çörəyinin istehsalını dayandırıb. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

"Sexin sahibi fiziki şəxs İmtiyaz Babayevə, həmin sort çörəklərin istehsalının dayandırılması ilə yanaşı, məhsul istehsalı zamanı qanunvericiliyin tələblərinə riayət etmək əmri verilib", - məlumatda deyilir.

Eyni zamanda, haqsız rəqabət və istehlakçıların çaşdırılması hallarına yol verdiyi üçün İmtiyaz Babayev barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Bu barədə qərar həmin sort çörəklərin istehsalı üçün uyğunluq və gigiyenik sertifikatlarının olmaması, habelə malların üzərinə vurulan etiketlərdə istehsalçının adının göstərilməməsi ilə əlaqədar olaraq qəbul edilib.

Həmin faktlar çörək sexində aparılan yoxlamalar zamanı aşkar olunub. Sexin anbarında yalnız 1-ci növ buğda unu olduğu halda, bu undan bişirilmiş çörəyin "çovdar çörəyi" və "kəpəkli çörək" kimi markalanmaqla ticarət şəbəkəsinə buraxıldığı müəyyən edilib.

Dövlət Xidməti istehlakçılara üzərində istehsalçısı barədə məlumatlar olmayan "çovdar çörəyi" və "pəhriz çörəyi"ni almamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti