Azərbaycan, Bakı, 9 mart / Trend /
Aprelin 13-14-də "Qrand Hotel Europe" mehmanxanasında 6-cı "Caspian Banking and Finance"ın konfrans və sərgisi keçiriləcək. Böyük Britaniyanın "ITE Group" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti bu konfrans və sərginin təşkilatçılarıdır. "Caspian Banking and Finance" konfrans və sərgisinə Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən dəstək veriləcək. "PriceWaterHouseCoopers" beynəlxalq audit şirkəti və "Əmrahbank" tədbirin sponsorları qismində çıxış edirlər.
Banklar və maliyyə konfransında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin milli bankları, maliyyə nazirlikləri, bank assosiasiyaları və digər maliyyə strukturlarından olan yüksəksəviyyəli qonaqlar da daxil olmaqla, 200-dən yuxarı nümayəndənin iştirak edəcəyi gözlənilir. Konfransda çıxış edənlər arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara dəniz Ticarət və İnkişaf Bankı, Gürcüstan Banklar Assosiasiyası, Rusiya Banklar Assosiasiyası kimi nüfuzlu maliyyə strukturlarının nümayəndələri də olacaq. Azərbaycanda bank sisteminin liderləri Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Risk Peşəkarları Assosiasiyası, "Əmrahbank", "Bank of Baku", "Kapital Bank", "Paşa Bank", "Raiffeisen Zentralbank" , "Royal Bank" və digər banklar, eləcə də sığorta, lizinq, konsaltinq, hüquq və audit şirkətləri, investisiya banklarının nümayəndələri də sözügedən tədbirə qatılacaqlar.
"Qlobal iqtisadi böhranın fəsadlarının Xəzər regionu ölkələrinin bank sisteminə təsiri" konfransın əsas mövzusu olacaq. Konfransda, həmçinin, kommersiya bankları və müəssisələri üçün kapitalın səfərbər edilməsi üzrə alternativ və effektiv mənbələr qismində regional pul bazarları, habelə regional kapital bazarlarının inkişaf perspektivləri də müzakirə ediləcək. Regionda gələcək bank sektoru modelinin formalaşdırılması mövzusuna isə ayrıca bir sessiya həsr ediləcək. Bu il, ilk dəfə olaraq, alternativ bank sistemləri mövzusuna da toxunulacaq. Belə ki, konfransın ikinci gününün əsas müzakirə mövzularından biri - "böhran dövründə islam bank fəaliyyəti prinsiplərinin yüksək effektivliyi və bunun üçün əsaslar" olacaq. Bu diskussiyaların iştirakçıları xüsusi olaraq dəvət edilmiş sektor mütəxəssisləri - Yaxın Şərq ölkələrində olan bank nümayəndələri olacaqlar.
Konfrans ilə paralel olaraq, "Banklar və Maliyyə" sərgisi də keçiriləcək. Azərbaycanın bütün aparıcı bankları və sığorta şirkətləri, o cümlədən, banklar üçün xidmətlər təklif edən şirkətlər bu tədbirdə iştirak edəcəklərini artıq təsdiqləyiblər. Sərgi iştirakçılarının əsas qismini Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər təşkil edəcək. Sərgidə banklar və maliyyə, sığorta, lizinq, investisiyalar, kapital bazarları, konsaltinq və audit kimi bölmələr fəaliyyət göstərəcək. Sərgiyə gələn qonaqlar Azərbaycan banklarının yeni, sərfəli təklifləri, güzəştli paketlər, kredit şərtləri ilə yaxından tanış olmaqla yanaşı, bank nümayəndələrindən ətraflı məsləhətlər də ala biləcəklər. Sərgi iştirakçıları əhali üçün kiçik kreditlərin alınmasına dair yeni proqramlar və digər xidmətlər təqdim edəcəklər.
Sərgidə banklar da diqqətdən kənarda qalmayacaq. Sərgidə İT texnologiyaları sahəsinin mütəxəssisləri üçün böyük əhəmiyyət kəsb edən xüsusi sektorlardan biri (maliyyə sektoru üçün informasiya sistemləri, bank texnologiyaları, banklar üçün proqramlaşdırma, bankomatlar və bir çox digər xidmətlər təqdim edən) "BankTech" olacaqdır.