Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir N.İsmayılova/
Azərbaycan və İtaliya bazar ertəsi Bakıda keçirilən biznes-forumda gələcək əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Sənəddə ticari əməkdaşlığın inkişafı, iqtisadiyatın müxtəlif sahələrində birgə müəssisənin yaradılması, AİİTF və İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatının qarşılıqlı fəaliyyətinin genişləndirilməsi məsələləri yer alır. Müqavilə, həmçinin, qarşılıqlı investisiyaların cəlb edilməsini nəzərdə tutur.
Azərbaycan tərəfindən sənədi iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, İtaliya tərəfdən iqtisadi inkişaf nazirinin müavini Adolf Urso imzalayıblar.
Azərbaycan və İtaliya arasında biznes-forumda 100-dən çox sahibkar iştirak edib, onlardan 40-ı italiyalıdır.
"Azərbaycan və İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu münasibətlərin davamı kimi ticari-iqtisadi münasibətlər davam etməkdədir. Biz düşünürk, bu biznes-forum iki ölkə sahibkarları arasındakı münasibətlərin inkişafına təkan verəcək", - Səfərov bildirib.
İki ölkə arasında əmtəə dövriyyəsi 4 milyard dollar təşkil edib ki, bunun da 128 milyon dolları Azərbaycanın idxalının payına düşür, qalan hissəsi isə Azərbaycandan İtaliyaya ixracın payına düşür.
"Biz ixrac strukturunun diversifikasiyası haqqında ciddi düşünürük və hər iki tərəfdən qeyri-neft sektoruna böyük diqqət ayırırıq", - Səfərov bildirib.
Uorsun sözlərinə əsasən, Azərbaycan Xəzər sahilində İtaliyanın ən etibarlı tərəfdaşlarındandır.
"Gələcəkdə bizim qarşılıqlı fəaliyyət sahələrimizə təkan veriləcək", - Uors bildirib.