Azərbaycan, Bakı, 7 may /Trend/
Azərbaycan bölgələrində bir neçə gün davam edən güclü yağış və qarların əriməsi nəticəsində yaranan sel qatarların hərəkətində heç bir problem yaratmayıb. Bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
"Şirvan-Osmanlı mənzilində su yol yatağına yaxınlaşıb. Dəmiryol artıq ehtiyat məqsədilə bəndlərin yaradılması üçün köhnə şpallarla yüklənmiş 16 vaqon göndərib", - Əzməmmədov deyib.
Onun sözlərinə görə, dəmiryolun yol təsərrüfatının mütəxəssisləri artıq yerlərdədirlər. Əzməmmədov həmçinin qeyd edib ki, ölkənin müxtəlif rayonlarında yağan leysan yağışları və pis hava şəraiti nəticəsində yaranan sürüşmələr dəmiryol qatarlarının hərəkət qrafikinə təsir etməyib.
Güclü leysan yağışları Azərbaycanın Quba, Zərdab, Neftçala, Salyan, Şirvan və digər rayonlarında selin yaranmasına səbəb olub. Bir neçə ev suyun altında qalıb, bəzi evlər torpaq sürüşmələri nəticəsində dağılıb.