...

Azərbaycanda MIGOM pulköçürmələri sistemi vasitəsilə əməliyyatlar dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2010 14:34 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) respublikada fəaliyyət göstərən kommersiya banklarına MIGOM pulköçürmələri sistemi ilə işgüzar əməkdaşlığı dayandırmaq barədə göstəriş verib. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycan banklarından məlumat verilib.
Azərbaycanda MIGOM pulköçürmələri sistemi vasitəsilə əməliyyatlar dayandırılıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) respublikada fəaliyyət göstərən kommersiya banklarına MIGOM pulköçürmələri sistemi ilə işgüzar əməkdaşlığı dayandırmaq barədə göstəriş verib. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycan banklarından məlumat verilib.

Həmin xəbərdarlığa görə, Azərbaycan ərazisindəki banklar iyunun 8-dən bu pulköçürmələri sistemi ilə heç bir əməliyyat həyata keçirməməlidirlər.

MIGOM pulköçürmələri sistemi ilə əməkdaşlığın dayandırılmasına səbəb onun Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağda qanunsuz əməliyyatlar aparması ilə əlaqədardır.

Bundan əvvəl MIGOM bu əməliyyatların qanunsuz olduğu barədə xəbərdarlıq almışdı və bundan sonra bu sistem Qarabağa pulköçürmələrini dayandırmışdı. Lakin AMB-nın hazırkı qərarı göstərir ki, o, işğal olunmuş ərazilərdə öz fəaliyyətini yenidən bərpa edib.

MIGOM "Avropa Trast Bank"ı tərəfindən yaradılan fiziki şəxslərin hesab açmadan beynəlxalq pulköçürmələri sistemidir.

Azərbaycan banklarına analoji göstəriş Western Union və MoneyGram pulköçürmələri sistemlərinə münasibətdə də verilib. Mərkəzi Bankın xəbərdarlığına görə, banklar 2008-ci il iyunun 30-dan bu pulköçürmələri sistemləri ilə elə həmin ilin avqustun 14-dən bərpa edilən əməliyyatları dayandırmışdılar. İşlərin bərpa edilməsi barədə qərar Western Union və Moneygram tərəfindən gələcəkdə belə faktlara yol verilməyəcəyi ilə bağlı öz üzərlərinə götürdükləri öhdəliklər əsasında qəbul edilib.

Ölkənin ümummilli maraqlarının bu sistemlər tərəfindən pozulması Mərkəzi Bankın milli qanunvericilik çərçivəsində ölkə ərazisində maliyyə vasitəçiliyinin təminatı ilə bağlı apardığı monitorinq zamanı aşkarlanıb. Nəticədə məlum olub ki, bəzi pulköçürmə sistemləri Ermənistanın işğalı altında olan ərazilərdə əməliyyatlar həyata keçirirlər. Onların arasında - "CONTACT", "WESTERN UNION", "QIZIL TAC -PUL KÖÇÜRMƏLƏRİ", "MONEYGRAM", "MIGOM", "PRİVAT MONEY", "LİDER" də var.

Bu sistemlərin rəsmi internet-saytlarında Azərbaycan əraziləri təhrif olunmuş formada göstərilib. Digər tərəfdən, qanunvericiliyin pozulması faktları aşkara çıxarılıb. Belə ki, onlar ANB-nin lisenziyası olmayan strukturlarla əməkdaşlıq edirlər. Pozuculara münasibətdə müəyyən ölçülər götürülüb; qanunsuz fəaliyyətin dayandırılması ilə bağlı tələb irəli sürülüb. Nəticədə, bir çox pulköçürmə sistemləri qanunsuz fəaliyyətlərini dayandırıblar.

Xəbər lenti

Xəbər lenti