Azərbaycan, Bakı, 30 iyul/Trend/
"Bakı Fond Birjası" QSC-yə (BFB) "Azər-Türk Bank" ASC-nin adi sənədsiz adlı səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət olunub. Bu barədə birjanın cümə günü yayılan məlumatında deyilir.
02 avqust 2010-cu il tarixindən etibarən BFB-də 990 520 manat məbləğində qeydə alınan "Azər-Türk Bank" ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılacaq. Emissiyalar çərçivəsində hər birinin nominal dəyəri bir manat olmaqla 990 520 səhm buraxılıb. Bankın səhmlərinin yerləşdirilməsi üzrə anderrayter qismində "Caspian Financial" MMC çıxış edir.
"Azər-Türk Bank" 25 may 1995-ci ildə təsis edilib. Bankın təsisçiləri 50 faiz iştirak payı ilə Türkiyənin "Ziraat Bankası" və "Aqrarkredit" QSC (46 faiz) bank olmayan kredit təşkilatı çıxış edir.
Qalan dörd faiz isə Azərbaycan bankı "TuranBank"a məxsusdur.
İyulun 30-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.