Azərbaycan, Bakı, 16 avqust /Trend/
"Bank Standard" qızıl və platinum kart sahiblərinə unikal xidmət tətbiq etməyə başlayıb. Öz xüsusiyyətlərinə görə xarici analoqlardan daha üstün olan bu xidmətin adı "Təcili pul yardımı"dır. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
"Bank Standard" tərəfindən göstərilən "Təcili pul yardımı" xidməti ölkədə ilk belə xidmət növüdür. "Gold" və "Platinum" plastik kart sahibləri üçün nəzərdə tutulan bu xidmət sayəsində ölkə xaricində kartını itirmiş və ya oğurlanmış müştərilər "Bank Standard"dan yardım alacaqlar. Belə ki, plastik kartın itirildiyi və ya oğurlandığı halda, müştərinin kart üzrə qalığı onun ilk müraciəti əsasında "Western Union" təcili pulköçürmə sistemi vasitəsilə olduğu ölkəyə göndəriləcək.
Bu xidmətdən istifadə etmək üçün müştərilərdən bankın məlumat mərkəzinin (+994 12) 158 nömrəli telefonuna zəng etmək xahiş olunur. Operator tərəfindən verilən suallara cavab verdikdən sonra, müştərinin köçürməsi bank tərəfindən icra edilir və müştəri ilə əlaqə saxlanılaraq ona sistem üzrə köçürmə kodu verilir. Köçürülən pulu müştəri həmin kod vasitəsilə nağd olaraq, "Western Union" sisteminin istənilən xidmət məntəqəsindən ala bilər.