Аzərbaycan, Bakı, 20 avqust /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın mebel istehsalçısı "Embawood" cari ilin sonuna qədər Azərbaycan üzrə françayzinq şəbəkəsini genişləndirmək niyyətindədir. Bu barədə şirkətin direktoru Elşad Abbasov deyib.
"Bu gün Azərbaycanda yerli sahibkarlar tərəfindən "Embawood" markası altında 70-dən çox mağaza açılıb",- Abbasov deyib. - "2009-cu ilin əvvəlində biz istehlakçıya yaxın olmaq, dizayn və keyfiyyət üzrə dünya liderlərindən geri qalmamaq strategiyasını tətbiq etdik və buna görə də əsas məsələ kimi ölkə daxilində şəbəkələrin sayını 100-ə çatdırmağı planlaşdırmışıq".
"Bizim üçün Gürcüstan kimi qonşu ölkələrin bazarları maraqlıdır. Gürcüstanda şirkətimizin 20-yə yaxın mağazası fəaliyyət göstərir; həmçinin, Qazaxıstanda satış kanalları, Tacikistan, Qırğızıstan, Türkmənistanda 25-dən çox mağazamız var",- o bildirib.
Onun sözlərinə görə, Rusiya bazarı da "Embawood" şirkəti üçün maraqlı hesab olunur, lakin Rusiyada rəqabət aparmaq çox çətindir.
"2009-cu ildə şirkətin dövriyyəsi 20 milyon manat təşkil edib, cari ilin birinci yarımilində isə bu məbləğ 10 milyon manat təşkil edib", - o bildirib.
"Embawood" şirkətinin mebeli bütünlüklə Azərbaycan istehsalı hesab olunur.
1996-cı ildə fəaliyyətə başlayan Azərbaycanın "Embawood" şirkəti Cənubi Qafqazın mebel sektorunda fəaliyyət göstərir. Şirkətin məhsulları Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran və Rusiyaya ixrac olunur.
Şirkətin fabriklərində ev və ofis mebellərinin bütün növləri, o cümlədən, yumşaq mebel istehsal edilir.