...

Aİ və Azərbaycan Avropa bazarlarına ixrac olunan məhsulların çeşidinin genişləndirilməsi üzrə danışıqlara hazırlaşırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2010 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir N.İsmayılova/

Aİ və Azərbaycan Avropa bazarlarına Azərbaycan məhsullarının ixracını təmin etmək məqsədilə tvininq-layihələrin reallaşdırılması məsələsi üzrə danışıqlara hazırlaşırlar. Bu barədə cümə axşamı iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova məlumat verib.

"Yaxın vaxtlarda, həmçinin, "Azərbaycan Respublikasının ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsinə dəstək" kimi oxşar layihələr üzrə də danışıqlar başlayacaq. Bu sahə nazirlik üçün prioritet olduğundan, biz bu istiqamətdə işləri davam etdirəcək, sürətləndirəcək və onu digər məhsullara da yönəldəcəyik", - Həsənova bildirib.

Onun sözlərinə görə, bu gün aqrar sahədə əməkdaşlıq üzrə Hollandiyadan təklif var.

Aİ-nin səfiri Roland Kobianın sözlərinə görə, Aİ və Azərbaycan arasında əməkdaşlıq Azərbaycan mənşəli balıq məhsullarının çeşidlərinin genişləndirilməsi məqsədilə davam etdirilməlidir.

Tvininq layihəsi Azərbaycanda 1 oktyabr 2008-ci il tarixdən Niderland və Latviyanın müvafiq strukturlarının köməyi ilə həyata keçirilir.

Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mənşəli balıq məhsullarının Avropa İttifaqına ixracını təmin etmək üçün Dövlət Xidmətinin müvafiq sahədə çalışan əməkdaşlarının peşəkarlığının artırılması, bu sahəni tənzimləyən qanunvericilik bazasının Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması, Dövlət Xidməti laboratoriyalarının imkanlarının genişləndirilməsi və fəaliyyətinin beynəlxalq tələblərə uyğun qurulmasıdır.

2010-cu ilin 1 yanvar tarixindən etibarən, Avropa Komissiyasının qərarı ilə Azərbaycan balıq kürüsünün Avropa İttifaqına idxalına icazə verilən üçüncü ölkələr siyahısına daxil edilib. Hazırda digər növ balıq məhsullarının Avropa İttifaqına ixracı üçün icazənin alınması istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti