...

DB "Azərbaycan Dəmir Yolları"na tövsiyələr verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir N.İsmayılova/

Bakıya layihə qrupunun rəhbəri Marko Lourensinin başçılıq etdiyi Dünya Bankının missiyası Azərbaycanda dəmir yolu və ticarət üzrə tranzitə yardım layihəsinin həyata keçirilməsinin icmalı məqsədilə gəlib. Bu barədə cümə günü bankın Bakı nümayəndəliyindən bildiriblər.

Missiya ölkədə oktyabrın 18-dək olacaq. Missiyanın əsas məqsədi "Azərbaycan Dəmir Yolları" QSC-yə layihənin həyata keçirilməsi üzrə işlər çərçivəsində köməyin göstərilməsi və tövsiyələrin verilməsindən ibarətdir. Ölkə hökuməti və DB arasında kredit sazişi 2009-cu ilin dekabrında imzalanıb.

Bu gün QSC dəmir yollarına maliyyə hesablamalarının beynəlxalq standartlarına keçiddə kömək edəcək konsultant şirkətin seçim mərhələsindədir.

"Cari ilin fevralında "Azərbaycan Dəmir Yolları" İdarəsi Qapalı Səhmdar Cəmiyyətə çevrilib. Mayda şirkətin daxili strukturu yenidən qurularaq, şöbələrin departamentlərlə əvəzlənməsi həyata keçirilib. Vaqonlar, lokomativlər şöbələrinin əvəzinə, daha çox kommersiya işinin tələbatlarına cavab verən və gəlirin əldə edilməsinə yönələn yük və sərnişin daşımaları departamentləri yaradılıb. Bundan başqa, maliyyə hesablamalarının beynəlxalq standartlarının tətbiqi şirkətin istənilən bölməsində maliyyə vəziyyətini daha yaxşı öyrənməyə imkan verəcək; bu isə onun fəaliyyətinin tam şəffaflığını təmin edəcək",  - bundan əvvəl Trend-ə Azərbaycanda dəmir yolu və ticarət üzrə tranzitə yardım layihəsinin keçmiş rəhbəri, DB-nin davamlı inkişaf sektorunda infrastruktur üzrə mütəxəssis Cerald Oliver (Gerald Olivier) deyib.

Dəmir yolu və ticarət üzrə tranzitə yardım layihəsinin ümumi dəyəri 673,8 milyon dollar təşkil edir. Bundan DB-nin kredit payına 450 milyon dollar düşür. Layihə ümumi dəyəri 1,2 milyard manat olan 2010-2014-cü illərdə Azərbaycanın dəmiryol nəqliyyatı sisteminin inkişafı üzrə Dövlət Proqramının bir hissəsidir.

DB-nin kredit resursları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) xətti ilə 23 il müddətinə, səkkiz ili güzəştli olmaqla, altıaylıq "libor" plyus dərəcəsi ilə verilir. Borcalan tərəfindən ödəniləcək kredit üzrə komisyon 0,25 faiz səviyyəsində müəyyənləşib. Kredit üzrə ödənişlər ildə iki dəfə - iyunun 15-də və dekabrın 15-də ediləcək.

Kredit çərçivəsində Bakı-Böyükkəsik (Gürcüstanla sərhəd) mənzilində dəmir yolunun yenidən qurulması planlaşdırılır və birinci mərhələdə dəmir yolunun 300 km.-dən çox hissəsində təmir işləri aparılacaq.

Ümumilikdə, layihə çərçivəsində dəmir yolunun 503 kilometrinin əsaslı təmiri nəzərdə tutulur. İnvestisiyalar Bakı-Böyükkəsik istiqamətində daimi cərəyandan dəyişkən cərəyana keçidə, dəyişkən cərəyanda iş üçün 50 yeni lokomotivin alınmasına da yönələcək. Layihə sərnişin daşımaları üçün hərəkət sürətinin saatda 100 km.-ə qədər, yük daşımaları üçün saatda 80 km.-ə qədər artırılmasını nəzərdə tutur.

Layihə dəmir yolunda xidmətlərin təkmilləşdirilməsini nəzərdə tutan üç komponentdən ibarətdir. Bunlar rəqabətqabiliyyətliliyin, əməliyyat və iqtisadi effektivliyin təmini, QSC-nin maliyyə imkanlarının genişləndirilməsidir.

Birinci komponent dəmir yolu təsərrüfatının, daha dəqiq desək, dəmir yolunun Bakıdan Gürcüstan sərhədindək olan hissəsinin təmirini, daimi 3,3 kB cərəyanından dəyişkən 25 kB cərəyanına keçidi, elektrik təchizatı sisteminə keçidlə əlaqədar siqnal sisteminin dəyişdirilməsini nəzərdə tutur.

İkinci komponent çərçivəsində elektrik lokomotivlərinin alınması, üçüncüsündə "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyətinin modernləşdirilməsi və bazar iqtisadiyyatının standartlarına yaxınlaşdırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti