Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Oktyabrın 12-14-də Çexiyanın Brno şəhərində Avropanın Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurasının (Waste-to-Energy Research and Technology Council) illik görüşü keçirilib. Bu barədə bazar ertəsi "Təmiz şəhər" ASC-dən verilən məlumatda deyilir. Tədbirdə tullantıların yandırılması zavodları və bu sahədə istifadə olunan müasir texnologiyalar, onların tətbiqi və rolu mövzularında müzakirələr aparılıb.
Tədbirdə "Təmiz Şəhər" ASC-nin nümayəndələri tərəfindən Bakıda tikilən bərk məişət tullantılarının yandırılması zavodu barədə ətraflı məlumat verilib. Bildirilib ki, zavod 2012-ci ildə istismara veriləcək və zavodun fəaliyyəti nəticəsində 231 mln kVt/saat elektrik enerjisi istehsal ediləcək. Zavodun fəaliyyəti nəticəsində tullantıların ümumi kütləsi 3, həcmi isə 10 dəfə azalacaq. Zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək. Zavod 4-cü nəsil texnologiyaların tətbiqi ilə tikilir.
Bakı şəhərində tullantıların idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.