...

Azərbaycan əmlakın daha sürətli qeydiyyata alınması prosesinə malik ölkələrin ilk onluğuna daxil olub - "Doing Business-2011"

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2010 13:52 (UTC +04:00)
Azərbaycan əmlakın daha sürətlə qeydiyyata alınması prosesinə malik olan ölkələrin ilk onluğuna daxil olub. Bu barədə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business 2011: sahibkarlıq şəraitinin yaxşılaşdırılması" birgə hesabatında deyilir. Hesabat cümə axşamı /www.doingbusiness.md/ rəsmi saytında dərc edilib. Tədqiqata 183 ölkə cəlb olunub.
Azərbaycan əmlakın daha sürətli qeydiyyata alınması prosesinə malik ölkələrin ilk onluğuna daxil olub - "Doing Business-2011"

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan əmlakın daha sürətlə qeydiyyata alınması prosesinə malik olan ölkələrin ilk onluğuna daxil olub. Bu barədə Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) "Doing Business 2011: sahibkarlıq şəraitinin yaxşılaşdırılması" birgə hesabatında deyilir. Hesabat cümə axşamı /www.doingbusiness.md/ rəsmi saytında dərc edilib. Tədqiqata 183 ölkə cəlb olunub.

Məlumata görə, Azərbaycanda əmlakın qeydiyyata alınması üçün 11 gün ərzində cəmi 4 prosedurdan keçmək lazımdır ki, onların ümumi dəyəri əmlakın dəyərinin 0,2 faizini təşkil edir.

"Biznesin başlanğıcı" üzrə Azərbaycanın reytinqi 183 mövqedən 15-cidir. Hesabatda deyildiyi kimi, ölkədə biznesin qeydiyyata alınmasının günlərinin sayı 8, prosedurlarının sayı 6, dəyəri isə adambaşına düşən gəlirin 3,1 faizini təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yanvar-sentyabr aylarında adambaşına düşən nominal gəlir 2016 manat təşkil edib.

Ölkə kreditin alınması ilə bağlı göstərici üzrə 43-cü yeri tutur. "Doing Business" hesabatında bildirilir ki, Azərbaycan bu sahədəki kommunikasiya sistemini xeyli yaxşılaşdırıb. Ölkə "İnvestorların maraqlarının müdafiəsi" göstəricisi üzrə 20-ci yerdə, vergilərin ödənişi üzrə 2010-cu illə müqayisədə 5 bənd qalxaraq 103-cü yedə qərarlaşıb. Hesabatda deyildiyi kimi, Azərbaycan 2007-ci ildə ƏDV-nin "online" ödənişi elektron sistemini tətbiq edib və 2009-cu ildə əmlak və torpaq vergisinin ödənilməsi zamanı onun tətbiqinə başlayıb.

Azərbaycan müqavilələrin yerinə yetirilməsinin təmin olunması göstəricisi üzrə 27-ci yeri tutub. Ölkə müqavilələrin yerinə yetirilməsini nisbətən daha tez, yəni 237 günə təmin edən ölkələr onluğuna daxil olub.

Ümumilikdə, Azərbaycan "Doing Business 2011" hesabatında sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 54-cü mövqedə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti