...

2011-ci ildə dünyanın bir sıra ölkələrində ƏDV dərəcəsi artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2010 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir A.Bədəlova/

Gələn ildən etibarən dünyanın bir sıra ölkələrində vergilər, xüsusən də əlavə dəyər vergisi (ƏDV) üzrə faiz dərəcələri dəyişdiriləcək.

2011-ci il yanvarın 1-dən etibarən Latviya, Polşa, Portuqaliya, Slovakiya, İsveçrə, Böyük Britaniya və Malayziyada ƏDV dərəcəsi artırılacaq.

Latviya Maliyyə Nazirliyinin rəsmi saytında dərc edilən məlumata görə, ölkənin 2011-ci il üçün təsdiq edilən büdcə layihəsinə əsasən, gələn il yanvarın 1-dən etibarən ƏDV-nin əsas faiz dərcəsi 21 faizdən 22 faizədək artırılacaq. ƏDV-nin azaldılmış dərəcəsi 10 faizdən 12 faizədək artırılacaq.

Baltikyanı ölkələrdə böyük informasiya portalı olan DELFI-nin yazdığına görə, əlavə dəyər vergisinin əsas dərəcəsi artırıldıqdan sonra Latviya Avropa İttifaqı ölkələri arasında ən yüksək ƏDV dərəcəsi olan ölkə olacaq.

Avropa İttifaqı ölkələri arasında ən yüksək ƏDV dərəcəsi Danimarka, Macarıstan və İsveçdə (25 faiz), ən az Kipr və Lüksemburqda - 15 faiz səviyyəsində müəyyən edilib.

Xarici KİV-in məlumatına görə, 2011-ci il yanvarın 1-dən etibarən Polşada ƏDV dərəcəsi 22 faizdən 23 faizə, Portuqaliyada 21 faizdən 23 faizə, Slovakiyada 19 faizdən 20 faizə, İsveçrədə 7,6 faizdən 8 faizə, Malayziyada isə 5 faizdən 6 faizə qaldırılacaq.

Yanvarın 4-dən etibarən Böyük Britaniyada ƏDV dərəcəsi 17,5 faizdən 20 faizə qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti