...

Azərbaycan yaxın gələcəkdə BMT ilə bərabər üçüncü ölkələrə müxtəlif yardım proqramlarında iştirak edəcək – Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2011 14:14 (UTC +04:00)
Azərbaycanla Latviya arasında bugünki siyasi əlaqələr və inkişaf etməkdə olan əməkdaşlıq tendensiyası biznes sahəsində də inkişaf üçün gözəl şərait yaradır. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda çıxış edərkən bildirib. Bu barədə AzərTAc Dövlət Agentliyi məlumat yayıb.
Azərbaycan yaxın gələcəkdə BMT ilə bərabər üçüncü ölkələrə müxtəlif yardım proqramlarında iştirak edəcək – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycanla Latviya arasında bugünki siyasi əlaqələr və inkişaf etməkdə olan əməkdaşlıq tendensiyası biznes sahəsində də inkişaf üçün gözəl şərait yaradır. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda çıxış edərkən bildirib. Bu barədə AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

"Bu gün, bütövlükdə mənim Latviyaya ikinci səfərim zamanı çox faydalı danışıqlar, geniş fikir mübadiləsi aparılıb. Əminəm ki, bu səfər iki ölkə arasındakı münasibətlərə güclü təkan verəcək", - Prezident bildirib.

"Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. Son illər ərzində iqtisadiyyatımız dünyada ən yüksək templərlə inkişaf edib. Son 7 ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artıb, yoxsulluq 4-5 dəfə azalıb, ölkəmizdə 900 mindən artıq yeni iş yeri açılıb, ölkə iqtisadiyyatına çox güclü təkan verilib, Azərbaycana investisiyalar cəlb olunur. Təkcə keçən il ölkəmizə 15,5 milyard dollar sərmayə qoyulub. Onun böyük hissəsi artıq daxili sərmayələrdir. Azərbaycan şirkətləri və Azərbaycan dövləti tərəfindən 9 milyarddan çox vəsait qoyulub", - İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, ölkədə çox əlverişli investisiya mühiti var: "Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə, Azərbaycan MDB məkanında birinci yerdədir. Dünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabət qabiliyyətliliyinə görə yenə də Azərbaycan MDB məkanında birinci yerdədir. Yəni biz çalışırıq ki, iqtisadi islahatlarımız ölkəmizin hərtərəfli inkişafına xidmət etsin".

Dövlət başçısının sözlərinə görə, bu gün iqtisadiyyatın şaxələndirilməsini təmin etmək üçün çox böyük səylər göstərilir və bu səylər özünü doğruldur. "Energetika, neft-qaz sənayesi iqtisadiyyatımızın əsas sektorudur. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti demək olar ki, 4-5 dəfə aşağı düşüb, Azərbaycan iqtisadiyyatı 9,3 faiz artıb. Bu artımın əsas səbəbi əvvəlki illərdə aparılan islahatlardır və qeyri-neft sektoruna, infrastruktur layihələrinə qoyulmuş vəsaitdir. Keçən il Azərbaycanda yenə də iqtisadi inkişaf müşahidə olunub, iqtisadiyyatımız 5 faiz artıb. Əminəm ki, bu gözəl meyillər növbəti illərdə daha da güclənəcək", - Əliyev bildirib.

Prezidentin sözlərinə görə, bu tərkibdə görüşlər çox böyük məna daşıyır. Çünki mövcud layihələr yenə də nəzərdən keçirilir: "Gündəliklə tanış olarkən gördüm ki, Azərbaycanda icrada olan və icrasını gözləyən layihələr burada təqdim edildi. Biz Azərbaycanda yeni sahələrin fəaliyyəti üçün çox böyük səylər göstəririk. Bizim üçün ənənəvi olmayan sahələrə çox böyük diqqət göstəririk. Prezident Zatlers qeyd etdi ki, əməkdaşlığımızın perspektivli sahəsi olan informasiya-kommunikasiya texnologiyaları sahəsində Latviyanın çox böyük uğurları var. Azərbaycan da bu istiqamətdə çox vacib addımlar atır və İKT-nin inkişafına görə yenə də MDB məkanında birinci sıralardadır".

"Biz artıq Azərbaycanda kosmik sənayenin inkişafına başlamışıq. İki ildən sonra Azərbaycanın birinci süni peyki orbitə çıxarılacaq. Beləliklə, bundan sonrakı tədbirlər nəticəsində Azərbaycanda ənənəvi olmayan kosmik sənayenin yaranması mümkün olacaq", - Prezident qeyd edib.

"Biz ölkəmizdə geniş modernləşdirmə siyasəti aparırıq. Bu siyasət bizə imkan verəcək ki, enerji resurslarından daha da az asılı olaq. Bizim əsas məqsədimiz güclü, dayanıqlı, uzunmüddətli iqtisadi inkişafı təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, Azərbaycanda sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görməkdir. Bu məqsədlə ölkəmizin müxtəlif sahələrinə dövlət tərəfindən böyük investisiyalar qoyulur. Mən hesab edirəm ki, Latviya iş adamları bu imkanlardan da istifadə edə bilərlər", - İlham Əliyev vurğulayıb.

Prezident bildirib ki Azərbaycanın investisiya portfeli çox böyükdür və Latviya iş adamları təcrübəsini müxtəlif inşaat sahələrində təqdim edə bilərlər. Eyni zamanda, Azərbaycan investisiyalar üçün də çox əlverişli ölkədir və Latviyadan investisiyalar gözləyir.

"Əminəm ki, bu investisiyalar daha da böyük həcmlə ölçüləcək, Azərbaycan isə öz tərəfindən xarici ölkələrə böyük həcmdə investisiyalar qoymağa başlayıb. Son bir neçə il ərzində qonşu ölkələrə bir neçə milyard dollar Azərbaycan investisiyaları qoyulub və bu proses davam etdirilir. Biz maraqlıyıq ki, bizim üçün dost olan ölkələrlə investisiya layihələri əsasında əməkdaşlığımızı gücləndirək", - Prezident deyib.

"Bizim üçün ənənəvi olan energetika sektoru Azərbaycanda sürətlə inkişaf edir. Keçən il Azərbaycanda 51 milyon ton neft və 27 milyard kubmetr qaz hasil olunmuşdur ki, bunların böyük hissəsi dünya bazarlarına ixrac edilib. Bir neçə gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sektoruna dair çox vacib bəyannamə imzalanıb. Bu bəyannamənin Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığa da çox böyük təsiri olacaq. Bütövlükdə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər çox sağlam təməl üzərində qurulub. Bu, qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulmuş münasibətlərdir. Əlbəttə ki, Latviya Azərbaycan üçün dost ölkə kimi Avropa İttifaqı-Azərbaycan əlaqələrinə də öz dəyərli töhfəsini verir. Biz hər zaman Latviyanın bu sahədəki fəaliyyətini qeyd etmişik və bunu bu gün də qeyd edirik. Şübhə yox ki, növbəti illərdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər daha da güclənəcək, daha da çox sahəni əhatə edəcək və beləliklə Azərbaycan Avropaya daha da yaxınlaşacaq. Biz bunu istəyirik və hesab edirik ki, hər iki tərəfin bir-birinin maraqlarına töhfə verə biləcək məsələlər, amillər kifayət qədərdir, sadəcə olaraq, bütün bu işləri vaxtında və düzgün həll etməliyik", - dövlət başçısı qeyd edib.

O, bildirib ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı əlbəttə ki, hər bir ölkəyə öz mənfi təsirini göstərib, o cümlədən Azərbaycana.

"Amma biz çalışmışdıq ki, bu böhranın əhaliyə təsirini minimum səviyyəyə endirək. Deyə bilərəm ki, nə 2009-cu ildə, nə də 2010-cu ildə Azərbaycan əhalisi bu böhranın acı nəticələrini hiss etmədi. Bizim milli valyutamızın - manatın məzənnəsi sabit olaraq qalırdı. Valyuta ehtiyatlarımız keçən il daha da artdı. Bu gün Azərbaycanın valyuta ehtiyatları 30 milyard dollara bərabərdir. Əlbəttə, bu, böyük rəqəmdir və bizə imkan verir ki, özümüzü çox əmin hiss edək. İstənilən layihənin Azərbaycanda həyata keçirilməsi üçün beynəlxalq maliyyə qurumlarına müraciətimizə artıq ehtiyac qalmır. Azərbaycan yaxın gələcəkdə, eyni zamanda, beynəlxalq maliyyə təşkilatları ilə bərabər üçüncü ölkələrdə müxtəlif yardım proqramlarında da iştirak etməyə hazırdır", - Prezident deyib.

"Regionlarımız bir-biri ilə demək olar ki, təzə-təzə əlaqə yaratmaqdadır. Xəzər hövzəsi və Baltik dənizi hövzəsində yerləşən ölkələr arasında ənənəvi olaraq münasibətlər yaxşı səviyyədə qurulub. İndiki şəraitdə bu münasibətlər yeni müstəvidədir və regional əməkdaşlıq üçün əlbəttə ki, nəqliyyat layihələri də böyük əhəmiyyət kəsb edir. Onların arasında Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan bu layihə üzərində öz qonşuları ilə işləyir. Ümid edirəm ki, iki ildən - bu dəmir yolu istismara veriləndən sonra Avropanı Asiya ilə birləşdirən yeni İpək Yolu fəaliyyətə başlayacaq və əlbəttə, həm Avropada, həm Asiyada yerləşən ölkələr bu işlərdən faydalanacaqlar. Qürur hissi ilə deyə bilərəm ki, uzun illər ərzində, sadəcə, müzakirə mövzusu olan bu layihə Azərbaycanın fəal səyləri nəticəsində həyata keçirilməyə başlanıb", - İlham Əliyev bildirib.

Biznes-forum çərçivəsində Azərbaycanla Latviya arasında biznes və investisiyalar sahəsində əməkdaşlıq haqda birgə sənədlər imzalanıb. Biznes-forumda Azərbaycan və Latviyanın iqtisadi inkişafı, investisiya imkanları və potensialı haqda ətraflı məlumat verilib, müxtəlif layihələrin təqdimatı keçirilib. Azərbaycan və Latviya prezidentləri tədbir çərçivəsində təşkil olunan sərgi ilə tanış olublar, hər iki ölkədə istehsal olunan müxtəlif növ məhsulların nümunələrinə baxıblar.

Xəbər lenti

Xəbər lenti