Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Ü.İsmayılova/
2010-cu ildə Azərbaycanın Dövlət Statistika Komitəsi tərəfindən hesabat və icraçılıq intizamı sahəsində yol verdikləri nöqsanlara görə (hesabatları səhvlərlə, yaxud gecikmələrlə təqdim etdiklərinə görə) yerli statistika orqanlarının 23 işçisi haqqında müxtəlif intizam tədbirləri görülüb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin cümə günü yaydığı məlumatda deyilir.
"Onlardan 15 işçiyə töhmət verilib, 5 nəfər rəhbər işçinin əməkhaqqısı müxtəlif müddətlərə 30 faiz azaldılıb, 3 nəfər işlərində yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olunub", - məlumatda deyilir.
Dövlət komitəsi hesabatların təqdim olunmasında və icraçılıq intizamı sahəsində nöqsanlara yol verən işçilər haqqında intizam tədbirlərinin həyata keçirilməsini gələcəkdə də davam etdirmək niyyətindədir.