Azərbaycan, Bakı, 19 fevral /Trend/
14-16 fevral 2011-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Beynəlxalq Kartlar və Ödənişlər üzrə II illik sammitdə Azərbaycan bankı "Kapital Bank" öz nümayəndəsi ilə təmsil olunub. Bu barədə şənbə günü bankın məlumatında deyilir.
Fleming Gulf FZE şirkəti tərəfindən təşkil edilmiş sammitdə ödəniş sahəsində tətbiq olunan yeni texnologiyalar, biznes strategiyaları ilə bağlı təqdimatlar keçirilib.
Dünyanın müxtəlif ölkələrinin bank-maliyyə qurumlarını təmsil edən iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb. Tədbirdə ödəniş prosesində mobil rabitənin imkanlarından istifadə, pul köçürmələri zamanı mümkün maliyyə cinayəti hallarının qarşısının alınması və s. bu kimi məsələlərə də diqqət yönəlib.
"Kapital Bank" MasterCard International və VISA International beynəlxalq ödəniş sistemlərinin tamhüquqlu üzvüdür. Bank müştərilərinə plastik kartların ən müxtəlif çeşidlərini təklif edir. "Kapital Bank"ın aktiv plastik kartlarının sayı 2010-cu ildə 2 milyonu ötüb. Bank özünün prosessinq sistemini yaradıb və riteyl seqmentinin inkişafını nəzərdə tutan tədbirləri ardıcıl olaraq davam etdirir. Bu baxımdan dünyanın nüfuzlu bankları ilə təcrübə mübadiləsinin aparılması, riteyl sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin getdikcə artırılması "Kapital Bank" üçün mühüm əhəmiyyətə malikdir.