Azərbaycan, Bakı, 24 fevral /Trend/
2010-cu ildə "Təmiz şəhər" ASC tərəfindən Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun ətraf mühitə təsirlərinin öyrənilməsi zamanı əsas göstəricilər üzrə müsbət dinamika müşahidə edilib.
Belə ki, suda və torpaq səth örtüyündə ağır metalların həcmi, havada kimyəvi birləşmələrin miqdarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi nəticəsində bütün zərərli maddələr üzrə göstəricilərin azalması aşkar olunub. Havanın monitorinqi göstərir ki, PM10 tozlarının miqdarı dəfələrlə aşağı düşüb, kükürd, azot dioksid, həmçinin, hidrogen sulfid qazlarından başqa, bütün digər qazlar yol verilən qatılıq həddindədir. Müsbət haldır ki, qeyd olunmuş həmin qazlarda da azalma tendensiyası müşahidə olunur.
Hazırda "Təmiz Şəhər" ASC tərəfindən Balaxanı poliqonuna nəql edilən tullantıların Böyük Şor gölünə boşaldılmasının qarşısı alınıb, həmçinin, ərazidə ekoloji yumşaldıcı tədbirlərin görülməsi nəticəsində su hövzəsinə mənfi təsirlər azaldılıb. Su nümunələrinin müqayisəli analizi göstərir ki, artıq bütün elementlərin miqdarı yol verilən qatılıq həddindədir.
Bundan başqa, ağır metalların torpağın tərkibində tədricən azalması müşahidə olunub. Belə ki, aparılan analizlər zamanı poliqondan götürülmüş torpaq nümunələrində kadmium, qurğuşun və civə kimi ağır metalların yol verilən qatılıq həddində olduğu müəyyən edilib.
Məlum olduğu kimi, vaxtilə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda baş verən yanğın və tüstülənmə Bakı şəhərinin ekoloji vəziyyətinə və insan sağlamlığına mənfi təsir göstərirdi. Lakin "Təmiz Şəhər" ASC tərəfindən Balaxanı poliqonunun idarəetməsinə başlandıqdan sonra ərazidə yanğın və tüstülənmə hallarının qarşısı alınıb.
Qeyd edək ki, ekoloji monitorinqin nəticələri ictimaiyyətə açıqdır və nəticələrlə ətraflı şəkildə qurumun ofisində fəaliyyət göstərən tullantıların idarə edilməsi üzrə Məlumat və Resurs Mərkəzində tanış olmaq olar.