...

2011-ci ildə Azərbaycan və Belarus arasında mal dövriyyəsi yarım milyard dollara çata bilər - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 14:39 (UTC +04:00)
Azərbaycan və Belarusun işgüzar adamlarının bugünkü görüşü ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında yeni mərhələdir.
2011-ci ildə Azərbaycan və Belarus arasında mal dövriyyəsi yarım milyard dollara çata bilər - səfir

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan və Belarusun işgüzar adamlarının bugünkü görüşü ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında yeni mərhələdir. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda hər iki ölkənin iş adamlarının görüşündə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib.

"Bu görüş ölkələr arasında artıq mövcud olan münasibətlərin inkişafı üçün ciddi təkan verəcək", - səfir bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Belarus arasında 70-ə yaxın müqavilə və saziş imzalanıb. Bunun 60 faizi hökumətlərarası xarakter daşıyır.

Səfirin sözlərinə görə, ölkələr arasında münasibətlərin şaxələndirilməsi haqqında da qərar qəbul edilib.

Patskeviçin sözlərinə görə, Azərbaycan və Belarus arasında illik mal dövriyyəsi son beş il ərzində 5 dəfə artaraq 30 milyon dollardan 150 milyon dollara çatıb.

Hər iki dövlət rəhbərinin qarşılıqlı səfərləri zamanı ölkələr arasında mal dövriyyəsinin ildə 500 milyon dollara və perspektivdə 1 milyon dollara çatdırılması haqqında qərar qəbul edilib.

"Güman edirəm ki, biz 500 milyon dollar həddinə artıq 2011-ci ilin yekunları üzrə nail olacağıq. Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün yaxşı şərait var və hər iki ölkənin sahibkarların daha yaxşı nəticələr əldə etmək üçün fəallaşması məsləhətdir", - səfir bildirib.

Görüş zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədov Azərbaycanın iqtisadi imkanlarının təqdimatını keçirib və iştirakçıları ölkədəki biznes və investisiya mühiti haqqında məlumatlandırıb. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatına ümumi investisiyalar son 15 ildə 95 milyard dollara yaxın olub. Bunun 55 milyard dolları xarici, qalanı isə daxili investisiyaların payına düşür. İqtisadiyyatın qeyri-neft sektoruna 51 milyard dollara yaxın investisiya yatırılıb.

2010-cu ildə Azərbaycan iqtisadiyyatına investisiyalar 15,5 milyard dollar təşkil edib. Bunun 9 milyard dollardan çoxu iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilib.

Xarici şirkətlər üçün investisiya baxımından Azərbaycan iqtisadiyyatının cəlbediciliyi haqqında danışan Məmmədov siyasi və iqtisadi sabitliyi qeyd edib. Buna sübut kimi ölkədə bir sıra beynəlxalq maliyyə institutlarının fəaliyyətini göstərib.

Belarus Ticarət-Sənaye Palatasının baş direktor müavini Vera Siraçeva məlumat verib ki, bu, iki ölkə iş adamlarının üçüncü görüşüdür: ilk görüş 2009-cu ildə, ikincisi 2010-cu ildə baş tutub. "Bu işgüzar görüşlərin yekunları üzrə birgə müəssisələr yaradılıb", - Siraçeva qeyd edib.

"Bakıda budəfəki görüş zamanı biz Sumqayıtda fəaliyyət göstərən texniki parkın işi ilə tanış olduq və bizim yüksək texnologiyalara malik parkımızın fəaliyyəti ilə tanış olmaq üçün Azərbaycan nümayəndə heyətini Belarusa dəvət etmək istərdik", - Siraçeva qeyd edib.

Xəbər lenti

Xəbər lenti