...

Azərbaycan Parlamenti hökumətin 2010-cu ildə sosial-iqtisadi inkişafın yekunları üzrə hesabatını qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 19:24 (UTC +04:00)
Azərbaycan Milli Məclisi deputatların səs çoxluğu ilə ölkənin Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyətini qənaətbəxş hesab edib.
Azərbaycan Parlamenti hökumətin 2010-cu ildə sosial-iqtisadi inkişafın yekunları üzrə hesabatını qəbul edib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi deputatların səs çoxluğu ilə ölkənin Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyətini qənaətbəxş hesab edib. Çərşənbə axşamı parlamentdə Nazirlər Kabinetinin 2010-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatı müzakirə olunub.

Səsvermədə iştirak edən 110 deputatdan 107-si "lehinə", üç nəfər "əleyhinə" səs verib.

"Hesabat Azərbaycanın bütün sahələrdə sosial-iqtisadi inkişafının müsbət dinamikasını əks etdirir və Azərbaycan ÜDM-in artım tempinə görə MDB ölkələri arasında birinci yeri tutub", - müzakirələr zamanı parlamentin spikeri Oqtay Əsədov deyib. 2010-cu ildə ÜDM-in real artımı 5 faiz təşkil edib, qeyri-neft sektorunda artım templəri 7,9 faizə çatıb.

"Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, Azərbaycan investorlar üçün cəlbedici ölkədir", - spiker bildirib.

Ötən il ərzində bütün mənbələrdən 13,9 milyard manat investisiya yatırılıb. Bu, inişillə müqayisədə 32,4 faiz artım deməkdir.

Əsədovun sözlərinə görə, hazırda Azərbaycan xarici bazarlara ixrac edilən rəqabət qabiliyyətli müdafiə məhsuluna malikdir.

Baş nazir Artur Rasizadə də qeyd edib ki, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və hərbi potensialının yüksəldilməsi məsələsi daima Azərbaycan rəhbərliyinin diqqət mərkəzindədir və prioritetlərdən biridir. 2010-cu ildə ölkənin müdafiə potensialının möhkəmləndirilməsinə 3 milyard dollar yönəldilib. Bu, 2009-cu ilin analoji göstəricisindən 4 faiz çoxdur. 2004-2010-cu illərdə müdafiənin maliyyələşdirilməsinə xərclər 8,7 dəfə artıb.

Rasizadənin sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyinin zavodlarında yeni məhsullar istehsal olunub və müdafiə təyinatlı məhsulların buraxılış həcmi 2,3 dəfə artıb. Hazırda Azərbaycanın müdafiə sənayesi 350-dən çox adda müdafiə təyinatlı məhsul buraxır.

Yeddi il ərzində ötən ilin yekunları üzrə ölkədə yoxsulluq səviyyəsi 5 dəfə - 9,1 faizədək azaldılıb, 913 min yeni iş yerinin (73 mini 2010-cu ildə) yaradılması təmin edilib.

Baş nazir görülən tədbirlər sırasında orta aylıq əməkhaqqının 9,1 faiz artaraq 325 manata çatdığını qeyd edib. Əməkhaqqının və pensiyanın baza hissəsinin minimal məbləği 85 manata çatdırılıb.

"Ölkə Prezidentinin sərəncamlarına əsasən, 1,3 milyon təqaüdçünün əmək pensiyasının baza hissəsi 13 faiz, 800 minədək büdcə təşkilatları işçilərinin aylıq əməkhaqqıları 10 faiz, əhalinin aztəminatlı təbəqəsi üçün sosial müavinətlər orta hesabla 20 faiz artırılıb. Qaçqınların və məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması üçün ümumilikdə 336,9 milyon manat ayrılıb", - Rasizadə qeyd edib.

Martın 15-nə olan rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti