...

Azərbaycan DB və BVF-yə iqtisadiyyat üçün əhəmiyyətli sahələrdə birgə tədqiqatların aparılmasını təklif edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 15:00 (UTC +04:00)
Dünya Bankının (DB) Vaşinqtondakı baş ofisində keçirilən "Azərbaycan günləri" çərçivəsində Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə Dünya Bankının prezidenti Robert Zoellik və Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Oliver Blanşard ilə görüşüb.
Azərbaycan DB və BVF-yə iqtisadiyyat üçün əhəmiyyətli sahələrdə birgə tədqiqatların aparılmasını təklif edib (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir N.İsmayılova/

Dünya Bankının (DB) Vaşinqtondakı baş ofisində keçirilən "Azərbaycan günləri" çərçivəsində Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə Dünya Bankının prezidenti Robert Zoellik və Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Oliver Blanşard ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Zoelliklə görüş zamanı DB ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişaf tarixi, bu əməkdaşlıq nəticəsində əldə olunan nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb, ölkə üzrə yeni iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub. Rüstəmov DB-nin ölkədə bazar iqtisadiyyatının qurulması, iqtisadi artım üçün əsasların yaradılması, yoxsulluğun azaldılması və modern infrastrukturun yaradılması, makroiqtisadi idarəetmənin təkmilləşdirilməsi, səhiyyə sistemində islahatlar, maliyyə sektorunun inkişafı istiqamətlərində Azərbaycana dəstək olduğunu vurğulayıb.

Görüş çərçivəsində qeyd edildiyinə görə, DB-nin mövcud portfelinin həcminə əsasən Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda öndə gedən ölkələrdəndir. Formalaşdırılmış portfel ölkənin dayanıqlı iqtisadi inkişaf və diversifikasiya çağırışlarına adekvatdır. Görüşdə həmçinin yeni strateji əməkdaşlığın istiqaməti kimi qarşılıqlı intellektual mübadilənin zəruriliyi də qeyd olunub. Hazırda DB Azərbaycanda yeni layihə - təhsil sahəsində strateji islahatlar layihəsi üzərində fəal işləyir ki, bu da ölkəmiz üçün prioritet sahələrdəndir.

"Biz hesab edirik ki, bu layihə təhsilin bütün səviyyələrini əhatə etməli və sistemli xarakter daşımalıdır", - Rüstəmov bildirib.

Proqram çərçivəsində Mərkəzi Bankının sədri Elman Rüstəmov BVF-nin baş iqtisadçısı Oliver Blanşard ilə də ikitərəfli görüş keçirib. Görüşdə BVF ilə Azərbaycan arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə predmeti olub. Bundan başqa, Rüstəmov 2010-cu ildə bank sektorunun inkişafı, Mərkəzi Bankın məzənnə siyasətinin orta və uzunmüddətli strategiyası, eləcə də maliyyə sabitliyinin gücləndirilməsi üçün görülmüş makroprudensial və nəzarət tədbirləri barədə ətraflı məlumat verib.

Blanşarın sözlərinə görə, Azərbaycan günlərinin keçirilməsini ikitərərfli əlaqələrin inkişafına böyük töhfə verəcək.

Həmçinin "Azərbaycan günləri" çərçivəsində Mərkəzi Bankın sədri DB-nın icraçı direktoru Mişel Mordasini və BVF-nin icraçı direktoru Rene Verber ilə də görüşüb. Rüstəmovun sözlərinə görə, son 7 ildə ölkədə iqtisadi artım 3 dəfə artıb və bu gün Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider ölkələrdəndir. Daha sonra sədr Azərbaycan iqtisadiyyatı üçün önəmli olan sahələrdə DB, BVF və Mərkəzi Bankın birgə tədqiqatlar həyata keçirə biləcəyini də vurğulayıb. Mordasini və Verber də təmsil etdikləri beynəlxalq qurumların Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluqlarını bildiriblər.

BVF-nin icraçı direktoru Azərbaycanın neft gəlirlərinin düzgün istifadə edilməsi sahəsində böyük uğur və zəngin təcrübəyə malik olduğunu vurğulayaraq qeyd edib ki, bu təcrübənin digər ölkələr, xüsusi ilə də Afrika ölkələri ilə paylaşmaqla Azərbaycan həmin dövlətlərin inkişafına böyük tövhə vermiş olar. Görüşlərdə özəl sektorun inkişafı sahəsində görülən işlərə də toxunulub və qeyd edilib ki, islahatların davam etdirilməsi və prosedurların asanlaşdırılması istiqamətində görüləcək işlər Azərbaycanı bu sahədə lider ölkəyə çevirə bilər. Görüşdə həmçinin Mərkəzi Bank ilə DB və BVF arasında gələcək qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.

Rüstəmov DB-nin Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar direktoru Teodor Ahlers, eləcə də DB-nın Cənubi Qafqaz regionu üzrə direktoru Əsəd Aləmlə də görüşüb. Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə Aləmin sözlərinə görə, kapital bazarlarının müasirləşdirilməsi layihəsi, həmçinin Azərbaycanın suvarma sisteminə dair layihə aprelin 17-də direktorlar şurasında müzakirəyə çıxarılacaq.

Mərkəzi Bankın sədri Rüstəmov səfər çərçivəsində DB və BVF-nin Azərbaycanlı cəmiyyəti və ABŞ-da təhsil alan tələbələrlə də görüşüb. Onun sözlərinə görə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda çalışan azərbaycanlıların sayının artması ölkəmizin daha geniş təmsil olunması baxımından çox önəmlidir.

Rüstəmovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin son göstərişlərinə əsasən hökumət ölkədə azad sahibkarlığın inkişafı istiqamətində fəaliyyətin gücləndirilməsinə və ölkədə sözün əsl mənasında fəal intellektual axtarışlara başlanılıb.

Xəbər lenti

Xəbər lenti