Azərbaycan, Bakı, 22 aprel /Trend/
Belarus və Azərbaycan fəal surətdə irəliləyir və bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlərə malikdirlər. Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat, büdcə və maliyyə üzrə Respublika Şurası daimi komissiyasının sədri Vadim Popov Minskdə Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ilə görüşü zamanı bildirib. Məlumatı BELTA yayıb.
Popov qeyd edib ki, cari ilin iki ayı ərzində ikitərəfli mal dövriyyəsi 313 milyon dollardan artıq təşkil edib. Hazırda ölkələr arasında 60-dan çox müxtəlif müqavilə və sazişlər reallaşdırılıb. Bundan başqa, bəzi sənədlər, o cümlədən ticari-iqtisadi əməkdaşlıq haqqında əsas müqavilə hazırlanma mərhələsindədir. Belarus senatorunun fikrincə, iki ölkənin parlamentariləri bu müqavilənin tezliklə həyata keçirilməsi üçün maksimum səy göstərməlidirlər, çünki bu sənəd əməkdaşlıq haqqında bir sıra digər müqavilə və sazişləri birləşdirir.
"Hər iki ölkənin birgə müəssisələrin yaradılması üzərində işləməyə hazır olan işgüzar dairələri bizə çoxlu suallar verirlər və biz onlar üçün iki ölkənin maraqlarına uyğun oyun qaydaları yaratmağa borcluyuq", - Popov deyib.
O, həmçinin Azərbaycan Parlamentinə beynəlxalq arenada Belarusu dəstəklədiyinə görə minnətdarlığını bildirib.
"Bir çox mövqelər üzrə ölkələrimizin baxışları eynidir. Biz "Şərq tərəfdaşlığı"nın əleyhinə deyilik. Biz onun əleyhinəyik ki, dövlətin fikrinə və onun müstəqil xarici siyasət aparmaq hüququna əhəmiyyət verməsinlər", - komissiya sədri deyib.
Səmədzadənin sözlərinə görə, Azərbaycan iqtisadiyyatın modernləşdirilməsi və ümumilikdə dövlətin idarə olunması siyasəti kursunu tam dəstəkləyir. Onun fikrincə, artıq dünyanın bir çox ölkələrində Belarusun seçdiyi kursun optimal olduğunu anlamağa başlayıblar. İqtisadiyyatın modernləşdirilməsi və sosial sabitlik ölkəyə gələcəyə inanmağa imkan verən göstəricilərdir.