Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.İsmayılov/
Azərbaycandan Rusiya istiqamətində qatarların hərəkət qrafikində dəyişiklik gözlənilmir. Bu barədə şənbə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bu gün səhər Dağıstan ərazisində dəmiryolda baş verən partlayışı şərh edərkən deyib.
"İnterfaks-Cənub"un məlumatına görə, partlayış yerli vaxtla saat 06:00-da Qızılyurd-Temirqoy mənzilində baş verib. Partlayış nəticəsində xəsarət alan olmayıb, dəmiryol xətti qismən zədələnib.
"Partlayış faktı ilə bağlı bizə rəsmi bildiriş daxil olmayıb. Lakin bu gün saat 06:10-da Bakıya Rostovdan qatar gəlib, eləcə də cədvələ uyğun olaraq saat 06:00-da paytaxtdan Tümenə qatar yola salınıb", - Əzməmmədov qeyd edib.
Onun sözlərinə görə, sabah Bakıya Tümen və Moskvadan qatarların gəlməsi gözlənilir.