...

Azərbaycan Beynəlxalq Bankı kart sahibləri üçün yeni xidmət tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2011 13:23 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) 2011-ci il mayın 1-dən yeni xidmət tətbiq edir. Trend-in məlumatına görə, bu barədə bankın mətbuat xidmətinin cümə günü yaydığı məlumatda deyilir.
Azərbaycan Beynəlxalq Bankı kart sahibləri üçün yeni xidmət tətbiq edir

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2011-ci il mayın 1-dən yeni xidmət tətbiq edir. Trend-in məlumatına görə, bu barədə bankın mətbuat xidmətinin cümə günü yaydığı məlumatda deyilir.

İndi ABB-nin buraxdığı Visa Electron, Visa Classic və Visa Gold kartları vasitəsilə alınan mallara görə ödəniş zamanı alınan malın dəyərindən müəyyən faizlər kartlara bonus balları şəklində köçürülür.

Bu xidmətdən bankın yaratdığı və bu gün 50-dən artıq mağazanın daxil olduğu BonusClub vasitəsilə yararlanmaq mümkündür.

Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin sözlərinə görə, "bonus" xidmətinin adi endirimlərdən başlıca fərqi ondan ibarətdir ki, bank kartlarının sahibləri təkcə alış-veriş zamanı bonus balları əldə etmirlər, həm də aldıqları məhsulun qiymətini toplanan bonus balları ilə ödəmək imkanı qazanırlar.

Bankın mətbuat xidmətinin rəhbərinin dediyi kimi, BonusClub-a daxil olan və bonus ballarını qazanmağın və ya xərcləməyin mümkün olduğu mağaza və müəssisələr arasında Sabina parfümeriya mağazalar şəbəkəsi (alınan malın dəyərinin 5 faizi həcmində bonus təqdim edir), Aztime Watch mağazalar şəbəkəsi (10 faiz), Optic Gallery mağazalar şəbəkəsi (15 faiz), Nil Kitab-Kırtasiye Sarayi dəftərxana mağazalar şəbəkəsi (5 faiz), Skylife Travel səyahət agentliyi (3 faiz), Boutique Palace mehmanxanası(10 faiz), cake.Az kafe-qənnadı şəbəkəsi (3 faiz), The Wine Gallery Mey şərab butiki (3 faiz), Kenwood məişət texnikası mağazası (10 faiz), Mado kafesi (5 faiz), Trattoria L'Oliva restoranı (10 faiz), Koton kişilər və qadınlar üçün dəbli paltar və aksessuarlar mağazası (3 faiz), Pink Accessories (3 faiz), Piacente Boutique (10 faiz), Pierre Cardin (10 faiz), Ded ' Or AS (5 faiz), Sel Home (3 faiz) daxildir. Bir köçürülmüş bonus bir manata bərabərdir.

BonusClub-ın üzvü olan mağaza və müəssisələrin tam siyahısı ilə və hədiyyə bonusların sayı ilə bankın internet səhifəsində, eləcə də xüsusi reklam materiallarında tanış olmaq olar.

Ağayevin sözlərinə görə, toplanan bonuslardan yalnız BonusClub şəbəkəsinə daxil olan ticarət və xidmət müəssislərində nağdsız alış-verişdə istifadə etmək olar. Yəni onları bankomatlar vasitəsilə nağd pula çevirmək olmaz. BonusClub şəbəkəsinə daxil olan mağaza və ya restoranda mal və ya xidmətə görə ödəniş həyata keçirərkən kassa işçisini alışın bonus balları ilə ödənilməsi niyyəti barədə məlumatlandırmaq vacibdir. Əgər toplanan bonus ballarının sayı malın və ya xidmətin haqqının ödənilməsinə kifayət etməzsə, hesabda olan bonus ballarının ödənilməsindən sonra məbləğin yerdə qalan hissəsini öz kart hesabınızdan ödəyə bilərsiniz. Bonus balları ilə ödəniş zamanı əlavə bonus balları hesablanmır.

İlkin mərhələdə toplanma funksiyası və bonusların xərclənməsi ABB tərəfindən buraxılan pensiya, gömrük və biznes-kartlar istisna olmaqla Visa Electron, Visa Classic və Visa Gold kartlarının sahibləri üçün mümkün olacaq. Ağayevin sözlərinə görə, bank BonusClub şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi üzərində çalışır və hazırda bəzi supermarketlərlə, apteklərlə və ictimai iaşə müəssisələri ilə danışıqlar aparılır. Bu xidmətin pensiya kartlarının sahibləri üçün tətbiqi üzrə də işlər görülüür.

Ağayev həmçinin, ticarət və xidmət müəssisələrinin sahiblərini BonusCluba qoşulmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti