Azərbaycan, Bakı, 5 may /Trend/
Azərbaycan bankı "Xalq Bank" "Zolotaya Korona" təcili pul köçürmələri sisteminə qoşulma prosesini başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankdan bildirilib.
"Zolotaya Korona" beynəlxalq ödəmə və təcili pul köçürmə sistemlərindən biridir. Bu sistem vasitəsilə fiziki şəxslər əlverişli şərtlərlə (komisyon haqqı 1,5 faiz təşkil edir və göndərən tərəfindən ödənilir), qısa zamanda, hesab açmadan ABŞ dolları və avro valyutalarında pul vəsaitləri köçürmələri həyata keçirə bilərlər.
Köçürmələrin geniş coğrafiyası (MDB ölkələri, Gürcüstan, Türkiyə, Çin), eləcə də sürətli və təhlükəsiz olması sistemin əsas üstünlüklərindəndir.
Adıçəkilən sistemlə yanaşı, "Xalq Bank" "Western Union", "Bıstraya Poçta" "Xpress Money", "Contact" və "PrivatMoney" təcili pul köçürmə sistemləri vasitəsi ilə də anoloji xidmətlər göstərir.
Təcili pul köçürmə xidmətləri "Xalq Bank"ın Bakı, Sumqayıt, Gəncə, Zaqatala, Neftçala, Mingəçevir, Cəlilabad, Yevlax, Xaçmaz, Şabran, Qazax və İsmayıllı şəhərlərində fəaliyyət göstərən 14 filialında təqdim olunur.