Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Axundov/
Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə su təchizatı problemləri 1-2 ay ərzində həll olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov məlumat verib.
"Ötən il ilin sonunadək su kəmərinin bəzi hissələrindəki gözlə görünməyən qüsurları aradan qaldırmaq üçün yoxlama aparmağa vaxtımız çatmadı. Su kəmərinin uzunluğu 262 kilometr, diametri 2 metrdir, su kəməri 900 min kubmetr su tutur. Problemlərin yarandığı hissələri təmir etmək üçün kəmərin suyunu tamamilə boşaltmaq lazımdır. Buna 3-4 gün vaxt gərəkdir, onu yenidən doldurmaq üçün isə daha 5 gün lazımdır", - Şərifov deyib.
Onun sözlərinə görə, bir-iki ay ərzində bu problemlər həll olunacaq.
"Nə boru kəmərinin tikintisində, nə də su mənbələrində fövqəladə vəziyyət baş verib. Bu, böyük təzyiqin mövcud olduğu iri kəmərdir. Məsələn, Bakı-Tbilisi-Ceyhanın yoxlanması 8 ay ərzində aparıldı, su kəməri ilə bağlı bütün problemləri isə bir-iki aya həll edəcəyik", - Şərifov bildirib.
Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ilin dekabrında istismara verilib. Azərbaycanda ən iri infrastruktur layihələrindən biri olan su kəmərinin istismara verilməsi mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Bakı şəhəri su ilə dörd mənbədən təmin olunur. Ümumilikdə hazırda paytaxta saniyədə 10,2 kubmetr su verilir. Su şəbəkəsindən uzunmüddətli istifadə, mövcud şəbəkənin inkişaf etməkdə olan şəhərin sürətlə artan əhalisinin tələbatını ödəməməsi, binaların zirzəmilərindəki su xətlərinin istismar müddətinin başa çatması və digər səbəblərdən şəhərin su təchizatında problemlər yaranmışdı. Bu səbəbdən şəhər əhalisinin yalnız 40 faizə yaxını fasiləsiz, 60 faizi isə qrafiklə içməli su ilə təmin olunurdu.
Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta verilən suyun qəbulu və paylanması üçün Bakıya 250 kilomert uzunluğunda su kəməri çəkilib, 15 nasos stansiyası, 70 min kubmetrlik su anbarı tikilib, ümumi həcmi 100 min kubmetr olan mövcud su anbarı yenidən qurulub, 310 kilometrdən artıq kanalizasiya xətti çəkilib.
Texniki tələblərə uyğun olaraq, su kəməri fevralda tam layihə gücü ilə fəaliyyətə başlayacaq və ümumilikdə Bakıya saniyədə 15,2 kubmetr su veriləcək. Son illər görülən yenidənqurma işləri nəticəsində şəhər əhalisinin bir hissəsinin fasiləsiz su ilə təchiz olunması 40 faizdən 75 faizədək artırılacaq. Eyni zamanda, əhalinin suyu qrafiklə alan hissəsi 60 fazidən 25 faizədək azalacaq, qrafiklərdəki vaxt isə 2 dəfədən çox artırılacaq.