Gürcüstan, Tbilisi, 19 may /Trend, müxbir N.Kirsxaliya/
Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan Gürcüstana 575 milyon dollar ayıracaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Tbilisidə regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvili və "Kartsaxi-Marabda" dəmiryol şirkətinin baş direktoru Bidzina Breqadze birgə konfransda deyib.
Nikolaşvili Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, nəqliyyat naziri Ziya Məmmədov və maliyyə naziri Samir Şərifovla görüşlərinin yekunları üzrə brifinq keçirib.
Gürcüstanlı nazirin dediyinə görə, ayrılan vəsaitlər dəmiryolun Tetritskaro-Axalkalaki hissəsinin tikintisinə və bərpasına, Axalkalakidə dəmiryol vağzalının tikintisinə, eləcə də digər dəmiryol infrastrukturunun tikintisinə yönələcək.
Əldə edilən razılıqlara uyğun olaraq, sazişə Azərbaycan və Gürcüstanın nəqliyyat nazirlərinin imzaladığı dəyişikliklər edilib.
"Bu çox vacib qərardır və biz Azərbaycan tərəfinə anlayışlı olduğuna görə minnətdarıq. Bu dəmiryolun istismara verilməsi yeni yüklərin və sərnişin axınının cəlb edilməsini təmin edəcək. Belə ki, o, Asiya və Avropanı ən qısa yolla birləşdirəcək", - Nikolaşvili qeyd edib.
Öz növbəsində Breqadze qeyd edib ki, bu kredit "Kartsaxi-Marabda" şirkətinə ayrılıb və dövlət borcu deyil.
"Bu kredit dəmiryol işə salındıqdan sonra layihənin həyata keçirilməsindən əldə ediləcək gəlirdən qaytarılacaq", - o bildirib.
Bakı-Tbilisi-Qars dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.
Əlavə maliyyələşdirməyə əvvəllər Azərbaycanın Gürcüstana 200 milyon dollar məbləğində ayırdığı kredit daxil deyil. Dövlət Neft Fondunun hesabına Azərbaycan hökuməti Gürcüstana 200 milyon dolları kredit kimi 25 il müddətinə illik 1 faizlə verib.
Bu layihənin Neft Fondu tərəfindən maliyyələşdirilməsi Azərbaycan Prezidentinin 21 fevral 2007-ci il tarixli "Bakı-Tbilisi-Qars layihəsi üzrə tədbirlərin həyata keçirilməsi haqqında" sərəncamına əsasən həyata keçirilir.
Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.
Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.
Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edəcək.