Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycanın lizinq şirkəti "Unileasing"in ümumi məbləği beş milyon manat olan təmin olunmamış, faizli, adlı, sənədsiz istiqrazları qeydiyyata alıb. Bu barədə QKDK-nın çərşənbə günü yaydığı məlumatda deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5000 istiqraz buraxılıb.
Emissiya prospektinə görə yerləşdirmə Bakı Fond Birjasında açıq yerləşdirmə üsulu ilə həyata keçiriləcək.
"Unileasing" lizinq şirkətinin təsis olunmasına dair qərar 2004-cü il fevralın 24-də "Unibank" kommersiya bankının Müşahidə Şurasının növbəti iclasında qəbul edilib. 2004-cü il iyunun 17-də "Unileasing" QSC rəsmən qeydiyyata alınıb.
Şirkətin fəaliyyətinin əsas istiqamətləri maliyyə lizinqi, tikinti texnikasının, avtomobil və digər nəqliyyat vasitələrinin, tibbi avadanlığın, daşınmaz əmlakın, sənaye avadanlığının lizinqi kimi növlərdir.
"Unileasing" QSC-nin təsisçiləri "Unibank" və AYİB-dir. Şirkətin nizamnamə fondu 1,8 milyon manat təşkil edir.
Mayın 24-nə olan rəsmi məzənnə 0,79 AZN/USD təşkil edir.