...

GUAM-ın işçi qrupu nəqliyyat dəhlizinin inkişaf konsepsiyasını razılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2011 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

GUAM-ın nəqliyyat üzrə işçi qrupu "GUAM-ın nəqliyyat dəhlizinin inkişaf konsepsiyası"nın razılaşdırılmış variantını təşkilata üzv dövlətlərdə nəqliyyatın inkişafına məsul rəhbərlər səviyyəsində qəbuluna tövsiyə edib. Trend-in məlumatına görə, bu barədə GUAM-ın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

IRU-nun (Beynəlxalq Avtomobil Nəqliyyatı İttıfaqı) Avrasiya regionunda nümayəndələrinin və GUAM Katibliyinin iştirak etdiyi işçi qrupunun 7-ci iclası mayın 30-31-də Kiyevdə Azərbaycan tərəfinin sədrliyi ilə keçib.

Müzakirələrin yekunları üzrə iclas iştirakçıları IRU-nun "Model şose təşəbbüsü" layihəsinə dair məlumatı nəzərə almağı tövsiyə etmək və onun həyata keçirilməsi məqsədilə müzakirəsini davam etdirmək qərarına gəliblər.

İclas zamanı iştirakçılar işçi qrupunun 6-cı iclasının protokolunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar, Ukrayna tərəfinin təklifləri nəzərə alınmaqla "GUAM-ın nəqliyyat dəhlizinin inkişaf konsepsiyası" layihəsini müzakirə ediblər.

İclasın yekunları üzrə protokol imzalanıb.

İştirakçılar işçi qrupunun növbəti iclasını 2011-ci ilin ikinci yarısında keçirmək barədə razılığa gəliblər. İclasın dəqiq tarixi və keçirilmə yeri diplomatik kanallarla razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti