Azərbaycan, Bakı, 28 iyun /Trend/
İyunun 25-dən iyulun 2-dək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) konfransının 37-ci sessiyasında iştirak etmək üçün kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti Romada rəsmi səfərdədir. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Tədbir zamanı FAO baş katibi, FAO Şurası müstəqil sədri, Şuraya üzv ölkələr seçilməli, Azərbaycanda Avropa Regional Konfransının 28-ci sessiyasının keçirilməsi məsələsi müzakirə olunmalıdır.
Abasov konfrans iştirakçılarına Azərbaycanda keçirilən aqrar islahatlardan, dövlətin aqrar sahəyə göstərdiyi qayğıdan, dövlətin qəbul etdiyi proqramlardan ətraflı danışıb.
"FAO dünya miqyaslı aqrar siyasət aparan bir təşkilat olmaqla Azərbaycan aqrarçılarının ən doğma təşkilatıdır, - nazir çıxışında bildirib. - FAO Azərbaycanda aqrar siyasətin aparılmasına həmişə dəstək verib və ölkənin FAO-ya üzv olduğu 16 il ərzində fermerlərin maarifləndirilməsində, onların işlərinin təkmilləşdirilməsinə kömək edib".
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və FAO-nun baş direktoru Jak Diufun 2005-ci ildə Bakıda və 2006-cı ildə Romada görüşləri əməkdaşlığın daha da genişlənməsinə böyük təkan verib.
Nazir FAO-ya və beynəlxalq təşkilatlara şoran və dəmyə torpaqların məhsuldarlığının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, istiliyə və quraqlığa davamlı yeni sortların yaradılması, Azərbaycan Dövlət Aqrar Universitetinin bazasında tədris araşdırma mərkəzinin yaradılmasında dəstək göstərməyi təklif edib.
Abasov Avropa və Mərkəzi Asiya ölkələrinin kənd təsərrüfatı nazirlərini, FAO katibliyinin rəhbərliyini, BMT-nin beynəlxalq təşkilatlarının rəhbərlərini 2012-ci ildə Bakıda keçiriləcək Avropa Regional Konfransının 28-ci sessiyasında iştirak etməyə dəvət edib.