...

Bakıda iki tondan artıq dondurma satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2011 20:12 (UTC +04:00)
Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Qranit" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların laborator müayinədən keçirilmədən satıldığı, "Elegant", "Karnaval", "Bosman", "Ailəvi" dondurmalarının qablaşdırılması və satışında pozuntular aşkar edilib.
Bakıda iki tondan artıq dondurma satışdan çıxarılıb

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Qranit" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların laborator müayinədən keçirilmədən satıldığı, "Elegant", "Karnaval", "Bosman", "Ailəvi" dondurmalarının qablaşdırılması və satışında pozuntular aşkar edilib. Bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Həmin müəssisədə istehsal olunan məhsullar götürülərək sonradan araşdırılmaq üçün laboratoriyaya verilib.

Etiketlərində məhsulun qida və enerji dəyərinin, "Ailəvi" dondurmasının etiketində isə yağlılığın resepturada müəyyən edilmiş həddən artıq göstərildiyi, dondurma istehsalı zamanı təbii süddən istifadə edilmədiyi halda "Ailəvi" dondurmasının etiketində məhsulun tərkibində təbii südün olmasının, "Elegant", "Karnaval", "Bosman", "Ailəvi" dondurmalarının tərkibində isə resepturalarında nəzərdə tutulmayan hidrokarbonatların olmasının göstərildiyi müəyyən edilib.

Qanun pozuntuları ilə əlaqədar, dondurma istehsalının, habelə yoxlama zamanı aşkar edilən 2103,44 kq dondurmanın satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, üzərində məhsulun qida və enerji dəyəri, eləcə də yağlılığı resepturada müəyyən edilmiş həddən artıq göstərilmiş 342,6 kq etiket və falqa örtüklərindən isə istifadənin dayandırılması barədə Dövlət Xidməti tərəfindən "Qranit" firmasına icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti