Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilin birinci yarısında 71,94 milyon manat dəyərində 823 layihə maliyyələşdirib. Trend-in məlumatına görə, bu barədə fondun çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.
Məlumata görə, bu layihələrin SKMF-nin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi 3495 yeni iş yerinin yaradılmasına yardım edir.
İlin birinci yarısında SKMF sənaye istehsalı və emalının müxtəlif sahələrində 20,82 milyon manat məbləğində 52 layihə maliyyələşdirib.
Kənd təsərrüfatı məhsullarının emalı sahəsində 11 layihənin həyata keçirilməsi üçün 14,5 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı üçün 746 layihəyə 27,4 milyon manat, xidmət sahələrinin inkişafı üçün 14 layihəyə 9,23 milyon manat ayrılıb.
SKMF 9,68 milyon manat məbləğində (verilən kreditlərin ümumi portfelinin 13,5 faizi) 776 kiçik kredit (kreditlərin ümumi sayının 94,3 faizi) ayırıb. Hesabat dövründə 0,326 milyon manat məbləğində (0,5 faiz) üç orta (0,4 faiz), 7,62 milyon manat məbləğində (10,6 faiz) 14 orta kredit (1,7 faiz) və 54,3 milyon manat məbləğində (75,5 faiz) 30 iri kredit (3,6 faiz) verib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi səlahiyyətli banklar və bank olmayan kredit təşkilatları vasitəsilə həyata keçirilir. Onların ümumi sayı 38-dir.
İyulun 19-na rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.