...

"AtaBank" ASC yeni xidmət və hədiyyəli aksiyaya start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2011 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Daim innovativ məhsullar təqdim edən "AtaBank" ASC avqust ayından etibarən müştərilərinə yeni bir xidmət təklif edir və hədiyyəli aksiya keçirir. Bu yeniliklərə "AtaBank" ASC vasitəsilə sürətli pul köçürmələri edən müştərilərin bonus kampaniyasının iştirakçısı olması və yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin rahat ödənilməsi imkanının yaradılması xidmətidir.

18 avqust 2011-ci il tarixindən etibarən start götürmüş aksiyanın şərtlərinə görə "AtaBank" ASC-də hər bir surətli köçürmə sistemləri ilə 500-1000 manat arası köçürmə edən hər bir müştəriyə - 1 (bir) manatlıq, 1000-2000 manat arası köçürmə edənə - 2 (iki) manatlıq, 2000-5000 manat arası köçürmə edənə 3 (üç) manatlıq və 5000 manatdan yuxarı köçürmə edənə isə 5 (beş) manatlıq mobil rabitə ödəmə kartı hədiyyə edilir.

Hədiyyə aksiyası "AtaBank" ASC-nin baş ofisində və bütün filiallarında Western Union, PrivatMoney, Migom, Bıstraya Poçta, Contact, Coinstar, Zolotaya Korona, Blizko və Travelex sistemləri ilə həm pul göndərənlərə, həm də pul alanlara şamil edilir. Yaxın vaxtlarda bankın "Lider" sisteminə də qoşulacağı planlaşdırılır. Bu sistemlər nağdsız vəsaitlərin cəmisi 2-3 dəqiqə ərzində köçürülməsinin ən əlverişli və rahat üsullarından biridir.

"AtaBank" ASC-nin təqdim etdiyi növbəti yeni xidmət isə sürücülərin köməyinə çatacaqdır. Belə ki, artı bank yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişlərini qəbul etməyə başlayıb. Ödənişləri "AtaBank" ASC-nin Bakı şəhərində fəaliyyət göstərən ofislərində və respublikamızın müxtəlif regionlarında- Lənkəran, Göyçay, Xaçmaz, Mingəçevir, Yevlax, Şirvan, Sumqayıt, Gəncə və Naftalan şəhərlərində yerləşən filial və şöbələrində həyata keçirmək mümkündür.

Yeni təklif olunan xidmət cərimələnmiş sürücülərin vaxtına xeyli qənaət edəcək. Yeni üsul ödəniş qəbzini DYP-yə təqdim etmək zəruriyyətini aradan qaldırır. Bank vasitəsilə aparılan ödəniş haqda məlumat qısa müddət ərzində DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumat bazasına ötürülür. Cərimənin ödənilməsi üçün sürücülük vəsiqəsinin seriyası və nömrəsi, həmçinin qayda pozuntusuna görə tərtib olunmuş protokolun nömrəsi banka təqdim edilməlidir.

Mövcud qaydalara müvafiq olaraq cərimə, protokol tərtib olunduqdan sonra 3 gün ərzində ödənilərsə sürücüyə cərimə məbləğinin 10%-i həcmində endirim edilir. 3-cü gündən etibarən 30-cu günədək protokolda göstərilən məbləğ, 31-ci gündən etibarən hər gecikən günə görə məbləğin 2%-i həcmində cərimə sanksiyası hesablanır.

Bir müddət öncə "AtaBank" ASC müştərilərinə imtiyazlı şərtlərələ istirahət kampaniyasına start vermişdi. Artıq "AtaBank" ASC-nin "Visa Platinum" və "Visa Gold" kart sahibləri olan müştəriləri "Excelsior Hotel Baku" mehmanxanasının otaqlarından və "Aura" Sağlamlıq mərkəzindən güzəştli qiymətlərlə istifadə edə bilirlər.

Xəbər lenti

Xəbər lenti