Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanda 2050-ci ilədək pensiya-sığorta sisteminin uzunmüddətli inkişafı modeli hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın Dövlət Sosial Müfadiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
"Ölkədə pensiya təminatı və sosial müdafiənin inkişafı üzrə Dünya Bankı ilə birgə layihə çərçivəsində yaxın 40 il üzrə pensiya-sığorta sisteminin uzunmüddətli inkişafı modeli hazırlanacaq", - Müslümov deyib.
Onun sözlərinə görə, oktyabrın sonunadək DSMF ABŞ-ın "Overture Financial Ltd" şirkəti ilə birgə fondun 2025-ci ilədək fəaliyyətinin strateji istiqamətlərinin planlaşdırılmasına həsr olunmuş təqdimat keçiriləcək.
"Təqdimat zamanı fondun 2025-ci ilədək makroiqtisadi və iqtisadi göstərcilərin hazırkı səviyyəsinin saxlanacağı şəraitdə göstəricilərin proqnozları açıqlanacaq. Bununla yanaşı, proqnozlar bu parametrlər nəzərə alınmaqla təqdim olunacaq", - fondun rəhbəri bildirib.
Müslümovun sözlərinə görə, 2050-ci ilədək uzunmüddətli strategiyanın hazırlanması üzrə işlər təqdimatdan sonra başlayacaq.
ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) tərəfindən maliyyələşdirilən və dəyəri 1,1 milyon dollar olan layihə çərçivəsində "Overture Financial Ltd" şirkəti artıq belə modelin ilkin variantını təqdim edib.
"Azərbaycanda sosial müdafiənin inkişafı" layihəsi üzrə 54,6 milyon dollar dəyərində kredit sazişi DB və Azərbaycan hökuməti arasında 2008-ci ilin noyabrında imzalanıb. Layihənin maliyyələşməsi üçün DB Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə (10 illik güzəşt dövrü, illik 0,75 faizlə 35 il müddətinə) 26,7 milyon dollar verəcək.